Kanadanın Saskaçevan əyalətinin Müəllimlər Şurası məktəblərdən birinin müəlliminin böyük həcmdə çərimə edilməsi barədə qərar çıxarıb. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb yerli bədii incəsənət məktəbinin müəllimi Mişel-Andre Cozef Leveskin dərs zamanı ona mane olan şagirdlərdən birinə təbaşir atması olub. Araşdırmalar zamanı məlum olub ki, 2015-ci ilin noyabr ayının 10-da bir qrup şagird müəllimə dərsi keçməyə mane olub. Bundan əsəbiləşən müəllim özünü saxlaya bilməyərək əlindəki təbaşiri şagirdlərə tərəf atıb. Nəticədə təbaşir ön sırada oturan şagirdin gözünə dəyib və nəticədə o yüngül zədələnib. Müəllimlər Şurası hadisəni ilyarım ərzində araşdıraraq bu məqsədlə 41 min ABŞ dolları xərcləyiblər. Müəllimlər şurasının məsələ ilə bağlı qəbul etdiyi qərara əsasən Mişel-Andre Cozef Levesk 7,7 min ABŞ dolları cərimə edilib və ona dərs prosesi zamanı qeyri-peşəkarlıq nümayiş etdirdiyinə görə şiddətli töhmət verilib. Bundan əlavə qəbul edilən qərara əsasən müəllim məsələnin araşdırılmasına sərf edilən xərclərin bir hissəsini də ödəməli olacaq. Əgər o 30 gün ərzində cəriməni və araşdırmalara çəkilən xərcin bir hissəsini ödəməsə, onda müəllimlik fəaliyyətindən məhrum ediləcək.