Qəbələdə ərzaq tədarük-təchizatına həsr olunmuş regional müşavirə keçirilib

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Səhmdar Cəmiyyətinin əsas fəaliyyət istiqaməti ölkənin aqrar sektorunun inkişafına təkan verməkdir. Bu ilin yanvarından etibarən cəmiyyət təchizat səviyyəsini öyrənmək və bölgələrdə yerli məhsulların tədarük potensialını yaratmaq məqsədi ilə regionlarda satınalan təşkilatlarla maarifləndirici görüşlərə başlayıb. Cəmiyyətdən "Yeniavaz.com"a verilən məlumata görə, Şəki-Qəbələ Regional Bölməsi üzrə (Şəki, Qəbələ, Oğuz) Qəbələ şəhərində dövlət satınalan təşkilatları və icra nümayəndələrinin iştirakı ilə regional müşavirə keçirilib.

“ Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İH sədr müavini Xaliq Məmmədov müşavirədə çıxış edərək son illər dövlət başçısının rəhbərliyi ilə qeyri-neft sektorunda həyata keçirilən inkişafdan söz açıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən Cəmiyyətin yaradılması aqrar sektorda tədarük zəncirinin formalaşdırılmasına, fermerlərin istehsal etdikləri məhsullarının tədarük olunmasına, eləcədə satınalan müəssisələrin təchizat səviyyəsinin yüksəldilməsinə səbəb olacaqdır. Cəmiyyət dövlət başçısının tapşırıqları istiqamətində tədarük-təchizat səviyyəsinin yüksəldilməsi üçün regional görüşlər, sorğular, monitorinqlər keçirir.

Regionlarda keçirilən müşavirələrin əhəmiyyətinə toxunan Xaliq Məmmədov bu tədbirlərin dövlət satınalan təşkilatlarla səhmdar cəmiyyət arasında birbaşa dialoqun qurulması, "tedaruk.az" portalından istifadənin izah edilməsi, satınalan təşkilatların problemlərinin yerində öyrənilərək həlli üçün qərarların qəbul olunması, kənd təsərrüfatı istehsalçıları ilə ünsiyyətin asanlaşdırılması məqsədi daşıdığını diqqətə çatdırıb. “Səhmdar cəmiyyət bu gün dövlətimizin başçısının da qeyd etdiyi kimi, kənd təsərrüfatı məhsulları istehsalçılarından istehsal etdikləri məhsulların elə tarlada alınıb daxili və xarici bazarlara satılması üçün davamlı fəaliyyət mexanizmi üzərində iş aparır”, - deyə Xaliq Məmmədov bildirib.

Bildirilib ki, hazırda Şəki, Qəbələ və Oğuz rayonlarında 106 körpələr evi-uşaq bağçasının, 5 mərkəzi xəstəxananı, 61 icra nümayəndəliklərini keyfiyyətli ərzaq məhsulları ilə təmin edir.

Bütün bölgələrdə keçirilən bu görüşlərin məqsədi regionlarda istehsal-tədarük potensialının aşkara çıxarılması, bölgədə istehsal olunan məhsulların dövlət satınalan təşkilatlarının ərzaq ehtiyacına yönəldilməsidir. Hər bir bölgədə yerləşən, təhsil müəssisəsi, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, eləcədə hərbi hissələrin ərzaq təminatı həmin bölgənin istehsal imkanları hesabına təmin olunarsa rayonlara böyük həcmdə vəsaitlər daxil olacaq. Əsas məqsəd büdcə vəsaitlərinə qənaət, şəffaflığn təmin olunması, yerli istehsalın dəstəklənməsidir.

Regional görüşdə satınalan təşkilatların ərzaq məhsullarına təlabatı elektron portalından ("tedaruk.az") istifadə qaydaları, qeydiyyatdan keçmə prosedurları ilə bağlı təlimatlar izah olunub. Tövsiyə olunub ki, hər bir satınalan təşkilat portalda öz təlabatını düzgün yerləşdirməli, dövlət vəsaitlərindən düzgün istifadə edilməsi məqsədi ilə verilən təlabatlar real ehtiyaclara uyğun olmalıdır. Bu istiqamətdə uşaq bağça müdirələrinin, xəstəxana nümayəndələrinin çoxsaylı sualları cavablandırılmış, portalla işləmək bacarıqları ətraflı şərh olunub.

Regional müşavirənin sonunda satınalan təşkilat nümayəndələri tədarük-təchizat səviyyəsinin yüksəldilməsi üçün təkliflərini səsləndirib.

“Ərzaq məhsullarının tədarükü və təchizatı”ASC regionlarda satınalan təşkilatlarla maarifləndirici regional müşavirələri davam etdiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top