Başqa yol yoxdu

Şərq ölkələrinin birində qayınanasına uyğunlaşa bilməyən gəlin nəyin bahasına olur-olsun ondan canını qurtarmaq üçün məsləhət almaq məqsədi ilə yaşlı, müdrik bir adamın yanına gəlir. Gəlinin əslində saf qəlbli olduğunu, səbirsizlikdən belə addım atmaq istədiyini duyan müdrik ona belə bir məsləhət verir:

- Qızım, sənə bir dərman verəcəyəm. Qırx gün ərzində yeməyinə qataraq verərsən.

Gəlin işin üstünün açılacağından qorxduqda müdrik əlavə edir:

- Bu gündən qayınananı şirin dillə dindirib-danışdıracaqsan. Çalış, hər gün nə istədiyini soruş və istədiyi xörəkləri bişir, səndən heç kəs şübhələnməz.

Gəlin müdrik insanın məsləhətinə əməl etməyə başlayır. Gəlinin birdən-birə belə dəyişməsinə heyran qalan qayınana da ona "qızım", "balam", "canım", "gözüm" deyərək müraciət edir. Beləcə, gəlin-qayınana münasibətləri daha da mehribanlaşır. Müddətin bitməsinə az qalmış gəlin-qayınana bir-birini o qədər sevir ki... Gəlin tutduğu işdən peşman olub, yenə o müdrik insanın yanına gəlir. Gəlini dinləyən müdrik deyir:

- Qızım, mən işin başından bildim ki, sən təmiz qəlbli bir xanımsan. Səni qayınanandan yaxanı qurtarmağa vadar edən səbirsizliyin idi. Qorxma, sənə verdiyim zəhər deyildir, adi şərbət idi. İnsan sevginin quludur. Sevilmək istəyirsənsə, sevməlisən. Bu gözəlliyin yaranması üçün isə müəyyən vaxt və səbir lazımdır. Get, elə bu cür də davam et həyatına. Sən qayınananı sevdikcə o da səni sevəcək.

***

Əsas mənası "insanları tənqid etmədən və ya cəzalandırmadan etdikləri, dedikləri, inandıqlarını qəbul etmək" olan "tolerantlıq" sözünün mənşəyi latınca "ağrıya dözmək" (tolerare) deməkdir. Tolerantlıq günümüzdə ailə-məişətdə, cəmiyyətin bütün sahələrində, beynəlxalq münasibətlərdə ən aktual davranış normasıdır. Lazımı səviyyədə tolerantlıq olmayan ailə üzvləri, dostlar, iş yoldaşları, həmçinin ayrı-ayrı ölkələr arasında normal, qarşlıqlı məmnunluq yaradan münasibətlərdən danışmaq mümkün deyil.

İş ilə əlaqədar hər hansı bir işçiyə bu və ya digər məsələ ilə əlaqədar nəzakətlə irad tutmaq istəyən idarəçi bəzən problemlə üzləşir. O, səhvini səmimi şəkildə etiraf edən işçi ilə deyil, ilk növbədə özünümüdafiə strategiyasına əl atan biri ilə qarşılaşır. Qarşılıqlı xoşagəlməz deyişmələr həm onların, həm də ətrafın əhval-ruhiyəsini korlayır, günün verimliliyini aşağı salır.

***

Tolerantlıq yeni anlayış deyil və tarix tolerantlıq nümunələri ilə zəngindir. 1858-ci ildə Senatdakı yeri uğrunda debatların birində namizəd Duglas rəqibi Avraam Linkolnu ikiüzlülükdə ittiham edir. Siması o qədər də yaraşıqlı olmayan, ucaboylu Linkoln da onun cavabını centlmencəsinə belə verir: - Bunu məni dinləyən sizlərin ixtiyarına buraxıram. Mənim iki üzüm olsaydı, heç qarşınıza (üzünü göstərərək) bununla çıxardım?

***

Müqəddəs QURANanımız insana yaradılış məqsədini xatırladan və onu həmin istiqamətə yönəldən, tolerantlığın ən gözəl nümunəsini belə təsbit etmişdir:

1. And olsun, axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki,

2. İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir.

3. Ancaq iman edənlər, saleh əməl işləyənlər, bir-birinə haqqı və səbri tövsiyə edənlər xaric! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!) (Əsr /103)

***

Tolerant olmaq hələ işin yarısıdır, onu başqalarına öyrətmək də insanlığın borcudur. Dünyamızı bürümüş müharibələr elə tolerantlığın lazımı səviyyədə olmamasından irəli gəlir. Alimlərin dedidiyinə görə, dünya 2017-ci ildə daha təhlükəli olub. Onlar Amerika və Rusiyanın 1953-cü ildə keçirdikləri hidrogen bombaları sınaqlarından sonra dünyamızın Qiyamət Gününə daha otuz saniyə yaxınlaşdığını iddia edirlər. Bu yaxınlaşmaya təsir edən amillər arasında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın iqlim dəyişikliyi, nüvə silahları və terrorizm haqqında fikirləri də vardır.

***

Milli mənsubiyyəti, irqindən, dinindən, dilindən asılı olmayaraq bütün insanlığın xilası, dünyamızın nicatı yalnız tolerantlıqdan keçir. Bu gün beynəlxalq müstəvidə bir çox məsələlər kimi tolerantlığa da ikili standartla yanaşırlar: haqqı tapdananlara tolerantlığı məsləhət görür, haqqı tapdalayanlara isə "gözün üstdə qaşın var" demirlər. Ərəb dünyasının qanını axıdıb adını "bahar" qoydular. Türkiyəyə "səninləyib" deyib, arzuladıqları nəticəni gözləyə-gözləyə başına gətirilənləri seyr etməklə təsəlli verilir. Azərbaycanı kağız üzərində heç bir əhəmiyyəti olmayan dörd qətnamə ilə dəstəkləyir. Funksiyaları işğal olunmuş ərazilərin azad olunması deyil, sadəcə boş-boş bəyanatlarla əsəblərimizi sakitləşməyə çalışan qurum yaratmaqla münaqişəni daha da dərinləşdirirlər.

***

Dinlərin müqayisəsinə həsr olunmuş kitabları ilə tanınan britaniyalı müasirimiz Karen Armstrong (O, həm də "Muhammad: A Biography of the Prophet" (1991) - "Məhəmməd. Peyğəmbərin tərcümüyi halı" kitabının müəllifidir) yazır: "Xaç yürüşlərindən bəri qərblilər islam dinini zorakı, tolerantlığı olmayan bir inam kimi qavrayırdılar. Buna baxmayaraq, elə bu mənfi rəyin kök atdığı vaxtda islam dininin tolerantlıq göstəriciləri xristianlıqdan yaxşı idi.

Qərbin siyasət maşını bu gün də İslamı olduğu kimi görmək istəmir, yanlış təsəvvürləri ilə onu gözdən salmaq üçün bütün imkanlardan istifadə edir.

***

Lakin tolerantlığın bəşəriyyət üçün yeganə inkişaf yolu olduğunu dərk edən və onu təbliğ etməyə çalışanlar da az deyil. Kanadalı natiq, yazar, Şərq fəlsəfi fikrinə olan marağına görə on beş il Yaponiyada yaşayıb, təhsil alan və işləyən, 400-dən artıq məqaləsi ilə insanlarda müsbət dəyişikliklər yaranmasına yardımçı olmağa çalışan Çak Galozinin (Chuck Gallozzi) müasir dünyamız üçün tolerantlığın əhəmiyyətini vurğulayaraq dediyi fikirlərə nəzər salaq:

- Bizim başqalarını mühakimə etmək və onlara müxtəlif adlar yapışdırmaq kimi iyrənc adətimiz var. Oxumadığı bir kitab haqqında fikir söyləyən adama nə deyərdiniz? Yəqin ki, axmaq. Haqqında heç nə bilmədiyimiz insanlar barədə fikir söyləmək də buna bənzəmirmi? Tolerantlıq mənfilik deyil. O, xoş olmayan bir şeylə barışmaq deyil. Tolerantlıq müsbət bir şeydir. O, müxtəlifliyi qucaqlamaqdır. O, fərqli ideya və adətlərə açıq, qavrayışlı olmaqdır. Çünki güc müxtəliflikdədir. Dəmir təklikdə yumşaqdır və asanlıqla paslanır, lakin karbon, nikel, xrom və manqan ilə birləşdikdə bərkiyir və paslanmaya qarşı müqavimətli olur. Bəşəriyyət də belədir. İstər bioloji, sosioloji, istərsə də siyasi səviyyədə olsun, biz qaynayıb qarışmaqla daha güclü oluruq. (Tərcümə müəllifindir - R.S.)

Tolerantlıq haqqında amerikalı yazar Napoleon Hillin də (1883 -1970) maraqlı fikri vardır: "Səninlə həmişə razılaşmayanlara tolerant olmayınca nə uğur qazana, nə də xoşbəxt ola bilərsən".

Daim öz vəziyyətini, xüsusilə də maddi vəziyyətini, yaxşılaşdırmaq uğrunda gecə-gündüz çalışan insan yaşadığı dünyanın düçar olduğu halı ilə maraqlanmır, ya da çox az maraqlanır. Yer kürəsinin altını üstünü sümürüb tükətməkdə olan insan indi onu ölümə sürükləyir. Bu, ona bənzəyir ki, sərnişini olduğun gəminin deyil, özünün, sahibi olduğun yükün dərdini çəkirsən. Ağlı başında olan hər kəs yaxşı bilir ki, biz hamımız eyni bir gəminin sərnişinləriyik və onu hər cür təhlükədən qorumaq da hamımızın borcudur. Amerikalı yazar Napoleon Hilin dediyi kimi: "Bu dünyada uğur fərdi səy məsələsi olsa da, başqa insanlarla əməkdaşlıq etmədən ona nail olacağına inanmaqla özünü aladtmış olarsan". (The Law of Success - Səh. 7, 1928)

Dünyamızın qarmaqarışıq durumunu təsvir etmək istədiyim bir neçə misranı da əlavə etdim yazıya:

Daha əl də yumur əli,

Üzlərə bax - kir içində.

Dəli durub ağıl verir,

Qolubağlı, pir içində.

Adın yazıb daş üstünə,

Ölü yatır sirr içində.

Başımıza düşər bir gün,

Qurdu varsa tir içində.

Hərə ayrı bir istəyir,

Bir yaranan bir içində.

İnsan həsrət insanlığa,

Bəslədikcə şir içində...

Tolerantlıq harmoniya deməkdir. Yaradan dünyanı heyrətamiz bir harmoniya içərisində var etmişdir, dağından tutmuş dəryasınacan, qarışqasından başlamış filinəcən hər şeyi yerli-yerində yaratmış, var olmaq, yaşamaq haqqı vermiş və uyğun şərait ilə təmin etmişdir. Tolerantlıq dünyamız üçün Şekspirin təbirincə desək, çoxdan "To be or not to be" (Olum, ya ölüm) dilemması olmuşdur. Allah qorusun.

Rahib Alpanlı

DİGƏR XƏBƏRLƏR

Top