Beynəlxalq Əmək Təşkilatı, eləcə də Həyat və Əmək Şəraitinin Yaxşılaşdırılması üzrə Avropa Fondunun məruzəsində deyilir ki, işverənin ofisindən kənar məsafədə işləyənlərin sayı artır. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, inkişaf etmiş ölkələrdə onların bazardakı payı 17 faiz təşkil edir və bir sıra ölkələrdə, o cümlədən Yaponiya və ABŞ-da isə bütün işləyənlərin təqribən 40 faizini təşkil edirlər. Əksər hallarda məsafədən işləyən əməkdaşlar menecer və ya mütəxəssis vəzifələrini tuturlar və özməşğulluq kriteriyalarına cavab verirlər. Avropa İttfaqı (Aİ) ölkələri üzrə distant rejimdə işləyən əməkdaşların payı orta hesabla bütün məşğulların miqdarının 17 faizinə çatır və bu rəqəm yaxın gələcəkdə artmağa davam edəcək. Məruzədə qeyd edilir ki, 2015-2016-cı illərdə Aİ ölkələrində əməkdaşların təqribən 10 faizi vaxtaşırı məsafədən işləyib, 5 faizi ofisə bağlı olmadan çalışıb, işçilərin 3 faizi isə hər gün evdən məsafədən işi yerinə yetirib. Belə əməkdaşların ən yüksək səviyyəsi Danimarka (evdən işləyənlər 9 faiz, ofisdən kənar müxtəlif yerlərdə çalışanlar 10 faiz, vaxtaşırı məsəfədən işləyənlər 18 faiz), İsveç (müvafiq olaraq 5, 10 və 18 faiz) və Niderlandda ( 6, 10 və 14 faiz) qeydə alınıb. Ən aşağı səviyyəsi isə Çexiya (2,3 və 5 faiz), Yunanıstan (2, 3 və 4 faiz) və İtaliyada (1, 2 və 6 faiz) təsbit edilib. Avropa hüdudlarından kənarda məsafədən işləyənlərin ən yüksək göstəricilərini ABŞ və Yaponiya nümayiş etdirirlər – müvafiq olaraq işçilərin 37 və 32 faizi. Məruzədə qeyd edilir ki, bəzi ölkələrdə, məsələn, Fransada evdə məsafədən iş əmək şəraitinin yaxşılaşdırılması üçün hökumət tərəfindən təşviq edilib. Ofisdən kənarda çevik iş gününü və ya işi seçmək imkanı işləyən qadınların səviyyəsinədəstək vermək üzrə sosial siyasətin tərkib hissəsi olub.