Bağlanan institutun direktoru: “Mənim nə günahım var, mən icraçı olmuşam”

Müəllimlər İnstitutunun bağlanan Gəncə filialınının sabiq direktoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadə də təqsirləndirilən Ramiz Məmmədov barəsində cinayət işi açılsa da onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edir.

Hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən məhkəmə prosesində iki zərərçəkmiş ifadə verib.
Onlar övladlarının instituta qəbul edilməsi üçün R.Məmmədova külli miqdarda pul verdiklərini, lakin sabiq direktorun nə vədinə əməl etdiyini, nə də pullarını geri qatradıqlarını deyirlər.

Məhkəmə prosesində zərərçəkmişlərdən İdris Əliyev deyib ki, övladını instituta qəbul etdirməsi üçün R.Məmmədova 16 min manat pul verib.

Zərərçəkmiş əlavə edib ki, vədinə əməl etməyən direktor bu günə qədər onun pulunu qaytarmayıb. Əliyev məhkəməyə vəsatətlə müraciət edib və Ramiz Məmmədovun həbs edilməsini istədyib.

“Aldanmışıq. Bu günə qədər də bir nəticəsi yoxdur. İndiyə qədər pulumuzu qaytarmaq üçün heç bir addım atmayıb. Mənə 16 min manat zərər dəyib. Uzun müddətdir ki, pulumu tələb edirəm. Xoşluqla qaytarmırsa, istəyirəm ki, həbs edilsin. Məhkəmədən tələbim budur ki, Ramiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilsin. Çünki o, heç nəyə məhəl qoymur”- deyə zərərçəkmiş İdris Əliyev tələbində bildirib.

Hakim Zabil Qasımov zərərçəkənin bu vəsatətinə sabiq direktorun münasibətini soruşub.

Sabiq direktor R.Məmmədov bu ərizənin qəbul edilməsinə etiraz edib. Və bildirib ki, İdris Əliyevin dediyi məbləği o, almayıb.

“Mən onun ərizəsinin qəbul edilməsini istmirəm. Çünki o, pulu mənə verməyib. Özü yaxşı bilir ki, pulu kimə verib. O, birinci dəfə mənim yanıma səhvliklə gəlmişdi. Mən ona başa saldım ki, bu şəkildə adam instituta düzəltmirlər.


Sonra mənə möhətərm bir adam zəng elədi. Mən də nazirə müraciət etdim. Amma sonradan baş verənlərlə əlaqəm yoxdur. Mənə 16 min pul verməsi yalandır. Mən kimdən pul almışamsa, qaytarmışam. Amma bu adam başdan ayağa şər atır”- deyə sabuq direktor çıxışına əlavə edib.

Məhkəmənin baxış iclasının davamında digər zərərçəkmiş Mahir Həsənov ifadə verib.

O, 7250 manatının R.Məmmədov tərəfindən ələ keçirildiyini deyib.

Mahir Həsənov ona ümumilikdə 11 min 250 manat zərər dəydiyini, həmin məbləğin 4 min manatının Baş Prokurluqda iş araşdırılarkən Ramiz Məmmədov tərəfindən ödənildiyini deyib.

Zərərçəkmişin bu dediklərinə R.Məmmədov yerindən reaksiya verib və bu zaman tərəflər arasında gərginlik yaşanıb.

Ramiz Məmmədov: “Mahir, seyid adamsan, düz danış. Cəddin özünə kömək olsun. Bilirəm də sən kimsən. Onu bunu şərləyibsən”.

Mahir Həsənov: “Danışığına fikir ver. Utanmırsan?”.

R.Məmmədov: “Utanmalı olan sənsən”.

Hakim tərəflərə xəbərdarlıq etdikdən sonra bildirib ki, bu iş üzrə məhkəmə priosesi 6 aya yaxındır davam edir. Dəymiş zərərinin 922 min 660 manat olduğunu bildirən hakim Ramiz Məmmədovdan dəymiş zərəri ödəməməsinin səbəbini soruşub.

R.Məmmədov isə qeyd edilən məbləğlə razılaşmayıb.
Hakim bir daha qeyd edib ki, bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin arayışı var. Həmin arayışda qeyd edilən məbləğ 922 min 660 manatdır.

Hakim Zabil Qasımov əlavə edib ki, institutun filialının bağlanmasından sonra 600-dən çox tələbənin taleyi sual altında qalıb.

“6 aya qədər vaxt vermişik ki, bu ziyanı ödəyin. Şahidlər, zərəçəkmişlər hamısı gedib Təhsil Nazirliyinə. Onların hamısı sizdən şikayətçidir. Ümumilikdə 650 nəfər şikayətçidir. Onların hamısı deyir ki, ortada qalmışıq”- deyə hakim çıxışına əlavə edib.

R.Məmmədov isə heç bir günahının olmadığını deyib: “Mənim nə günahım var? Mən icraçı olmuşam”.

Hakim isə məhkəmənin sonunda bildirib ki, bütün bunlara yekunda müşavirə otağında qiymət veriləcək: “Biz müşavirə otağında bu məsələyə baxacağıq. Ancaq burada bir məsələ var ki, bu şəxslər sizdən şikayətçidir. Zərəri ödəmirsinizsə, bu sizin öz fikrinizdir. Yekunda biz buna münasibət bildirəcəyik”.

Zərərçəkmişlərin Ramiz Məmmədovun həbs edilmsi ilə bağlı vəsatətinin müzakirəsi və prokurorun vəsatətlə tanış olması üçün hakim məhkəmənin 17-nə təyin edildiyini açıqlayıb.

“Siz də həmin günə qədər düşünün. Zərəri ödəyin. Zərərçəmişlər vəsatət verib. Biz həmin vəsatəti müzakirə edib, qərar verməliyik. Onlar sizin həbs edilməyinizi isytəyir”- deyən hakimin sözlərinə Ramiz Məmmədov yerindən cavab verərək "kişi kimi sözün düzün desələr, məni yandırmaz. Şər, böhtan atmaları məni yandırır” deyib.

Bu sözlər zərərçəkmişləri dir daha qəzəbləndirib və onlar arasında sözlü mübahsiə yaranıb.

Qeyd edək ki, Gəncə filialı bağlanarkən Müəllimlər İnstitutunun rektoru millət vəkili Aqiyə Naxçıvanlı idi. İnstitutun Gəncə filialında aşkarlanan saxta diplomların hər birində Aqiyə Naxçıvanlının imzası olub.

Sabiq rektor isə bu məsələ ilə bağlı danışarkən etiraf edib ki, uzun illərdir institutun filiallarında bu tipli saxtakarlıqlara yol verilməsindən xəbərdar olub və buna görə də dəfələrlə daxili yoxlamalar aparıb. Məhz bu saxtakarlığın qarşısını almaq üçün özü Təhsil Nazirliyinə də özü müraciət edib.

Ramiz Məmmədov 2000-ci ildən Gəncə filialının rektoru olub və yalnız 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub. Bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdu.

Ramiz Məmmədov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir. Musavat.com

DİGƏR XƏBƏRLƏR

Top