Pik saatlarında avtobuslardakı sərnişin sıxlığını necə azaltmaq olar?

Hər gün ictimai nəqliyyatdan istifadə edənlərə məlumdur ki, pik saatlarında avtobusa minmək üçün əməlli-başlı mübarizə aparmaq lazımdır. Hətta bəzən bunu bacarmaq mümkün olmur. Səbəbi isə çox sadədir: avtobusa minmək istəyənlərin sayı çoxdur, amma avtobus azdır. Bunun nəticəsində səhər işə gecikənlər, işdən çıxanda evə gec çatan insanlar üçün belə şeylər də əlavə stresə səbəbi olur. Burada adamın ağlına bir sual gəlir: Pik saatlarında intervallar qısaldıla və ya xəttə əlavə avtobus buraxıla bilərmi? Çünki, günorta saatlarında sərnişin avtobuslarının əksəriyyəti demək olar ki, boş gedib, boş gəlirlər. Bu necə tənzimlənir? Bunun üçün nə eləmək lazımdır?

"Elə marşrutlar var ki, orda ümumiyyətlə avtobusların sayı çatmır"

Bu mövzu ilə bağlı nəqliyyat eksperti Azər Allahverənova müraciət elədik. O, "Yeniavaz.com"a açıqlamasında bildirdi ki, beynlxalq təcrübədə belədir ki, pik saatlarında daha çox avtobus xəttə buraxılır: "Sərnişinləri vaxtlı-vaxtında daşımaq üçün buna əməl edirlər. İctimai nəqliyyatda insan sıxlığı olmaması üçün, digər tərəfdən insanların dərsə, işə gecikməməsi üçün bu vacib məsələdir. Bu mərkəzləşdirilmiş şəkildə həyata keçirilən bir təcrübədir, işdir. Burda olduqca vacib məsələlərdən biri də əlaqələndirmə işləridir. Bizdə bilirsiniz ki, sərnişin daşıma ilə bir neçə şirkət məşğul olur. Yalnız "Baku Bus" MMC-də xəttə buraxılan avtobusların sayını artırmaq mümkündür. Çünki, bu şirkətdə əlaqələndirmə işləri yüksək səviyyədə təmin olunur. Digər şirkətlərdə müəyyən edilmiş bir qrafik var, həmin qrafik üzrə avtobuslar xəttə buraxılır. Elə marşrutlar var ki, orda ümumiyyətlə avtobusların sayı belə çatmır, nəinki, pik saatlarında avtobusların sayını artırmaq. Mən hesab edirəm ki, bu avtobusların qrafiki məsələsində Bakı Nəqliyyat Agentliyinin (BNA) üzərinə böyük iş düşür. Lisenziyaların verilməsi və şərtlərin tələblərə uyğunluğu məhz BNA tərəfindən öyrənilən məsələdir. Bu əsasda da lisenziya verilir. Pik saatlarında xəttə buraxıla biləcək avtobusların sayının artırmaq imkanları da eyni zamanda dəyərləndirilməlidir. Ən azından belə bir şərtidə həmin şirkətin qarşısıda qoymaq olar. Bununla da pik saatlarında xəttə əlavə avtobus buraxıla bilər. Əgər şirkətlər keyfiyyətli sərnişin daşıma işi ilə məşğul olmaq istəyirlərsə, bu həm də pik saatlarında vaxtında ünvana çatdırmalıdır. Mənə elə gəlir ki, məsələyə bu konteksdə yanaşdıqda çox ciddi nəticələr əldə etmək olar".

"Günün pik saatlarında intervallarda problemin olmasının səbəbi yollarda tıxacın olmasıdır"

Mövzu ilə bağlı BNA-nin mətbuat xidmətinə müraciət elədik. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev intervalların pik saatlarında niyə qısaldılmaması ilə bağlı sualımıza cavab verdi. Bildirdi ki, intervallar əvvəlcədən müəyyənləşir: "Bunu heç kim dəyişə bilməz. Nə daşıyıcı, nə sürücü. Amma daşıyıcı, sürücü və bizdən asılı olmayan bəzi səbəblər var. Günün pik saatlarında intervallarda problemin olmasının səbəbi yollarda tıxacın olmasıdır. Avtobuslarda tıxac olan yollardan istifadə eləyirlər. Deyək ki, Koroğludan 20 yanvar istiqamətinə gedən, normalda 3-5 dəqiqə intervalla dayanacağa çatmalıdırsa, tıxacda qaldığı üçün gec gəlib çatır dayanacağa. İnterval həm də yoldakı nəqliyyat vasitələrinin sıxlığına görə tənzimlənir".

Daşıyıcı şirkətlərin pik saatlarında xəttə əlavə avtobus buraxmaları ilə bağlı da danışan M. Ağayevin sözlərinə görə, bəzi şirkətlərin ehtiyat avtobusları var: "Belə daşıyıcı şirkətlər günün pik saatlarında xəttə əlavə avtobus buraxa bilirlər. Gün ərzində yox, yalnız pik saatlarında ehtiyac olarsa. Təəssüf ki, elə şirkətlər də var ki, onların ehtiyatında əlavə nəqliyyat vasitələri yoxdur".

"Nə sürücünün, nə də daşıyıcı şirkətin müəyyən olunmuş intervalı dəyişməyə ixtiyarı yoxdur"

Şəhər ətrafı qəsəbələrə gedən avtobuslarda bir qədər çox intervalın olduğunu deyən BNA-nin mətbuat katibi, bildirdi ki, amma bu sərnişinləri narahat edəcək qədər uzun deyil: "Yəni, bu intervalla sərnişinlər yarım saat, 40 dəqiqə avtobus gözləmirlər. Sadəcə olaraq yenə deyirəm intervallara təsir edən amillər var. Ya yollarda təmir işləri gedir, ya qəza olur, ya da qış aylarında yol sürüşkən olur deyə yavaş sürülür. Ona görə də intervallarla bağlı problem yaranır. Nə sürücünün, nə də daşıyıcı şirkətin müəyyən olunmuş intervalı dəyişməyə ixtiyarı yoxdur".

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top