Vergidən yayınma sxemi

İlin əvvəlindən Vergi Məcəlləsində maliyyə sanksiyaları və cərimələrlə bağlı dəyişikliklər də edilib. "Yeniavaz.com" xəbər verir ki, bu məsələni hüquqşünas Əkrəm Həsənov şərh edib. Ekspert bildirib ki, Vergi Məcəlləsinin 23.1.6-1-ci maddəyə əsasən, vergi orqanı səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergiləri, faizləri, maliyyə sanksiyalarını və inzibati cərimələri hesablaya bilər: "Vergi üstünlüyü”, “vergidən yayınma sxemi” və “vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi” terminlərinin mənası müvafiq olaraq Məcəllənin 13.2.69-13.2.71-ci maddələrində açıqlanıb. Qısaca belədir: vergidən yayınma sxemi – verginin ödənilməsindən yayınma məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. Yəni vergi ödəyicisinin hər hansı əməliyyatı sırf vergini ödəməmək məqsədi daşıyırsa, bu, vergidən yayınma sxemidir".

Hüquqşünasın fikrincə, Məcəllədə çox ciddi ziddiyət var: "13.2.70-ci maddə sadəcə məqsədin, 23.1.6-1-ci maddə isə “əsas məqsəd”in bundan ibarət olduğunu vurğulayır: "Yəni, ikinci maddənin mənasından belə çıxır ki, əməliyyatın başqa məqsəd(lər)i varsa belə, amma əsas məqsədi vergini ödəməməkdirsə, bu, vergidən yayınma sxemidir. Birinci maddənin mənasına görə isə məqsəd yalnız vergini ödəməmək olmalıdır. Əlbəttə, birinci maddə daha məntiqli və ədalətlidir (ikinci maddə halında gəl indi hansı məqsədin əsas olduğunu sübut et də!). Digər tərəfdən, hər bir halda Məcəllədəki ziddiyyətlər vergi ödəyicisinin xeyrinə təfsir olunmalıdır".

Ə.Həsənov bu yeniliyin yaxın dövrdə vergi orqanları ilə vergi ödəyiciləri arasında ciddi mübahisə predmetinə çevriləcəyi deyib: "Vergi orqanları hər hansı əməliyyatın məqsədinin vergidən yayınma olduğunu iddia edəcək, vergi ödəyicisi isə əməliyyatın digər məqsədlərinin də olduğunu sübut etməyə çalışacaq. Təbii, burada əsas sözü məhkəmə praktikası deyəcək".

Hüquqşünas qeyd edib ki, bəzi əməliyyatların vergidən yayınma sxemi olduğu indidən məlumdur: "Fərdi sahibkar tərəfindən vəsaitin sahibkarlıq hesabından qeyri-sahibkar hesabına köçürüb nağdlaşdırması buna bariz nümunədir. Vəsaitin hansı hesabdan nağdlaşdırılmasının sahibkar üçün nə fərqi var? Əlbəttə, fərqi yoxdur. Deməli, burada yeganə məqsəd vergidən yayınmaqdır. Əlbəttə, fərdi sahibkar vəsaiti qeyri-sahibkar olan başqa şəxslərin də hesabına köçürə bilər. Amma bu halda sonuncular gəlir vergisini ödəməli olacaq. Buna görə də fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1% dərəcəsi ilə vergidən yaxa qurtarması mümkün deyil və sözügedən əməliyyat çöx təhlükəlidir".

DİGƏR XƏBƏRLƏR

Top