"Bağ"a baxarsan...

Allah bu məkanın torpağına bol ruzi-bərəkət bəxş edib. Təmiz havalı Abşeronun səhəri də, gecəsi də insana əsrarəngiz gözəlliklər bəxş edir. İsti yay və sərin payız günlərində Abşeron bağları sanki cənnəti xatırladır. Mavi Xəzərin sahilində yerləşən Abşeron bağları təkcə təbii gözəlliyi, iqlimi və nadir nemətləri ilə deyil, həm də yerli sakinlərin qonaqpərvərliyi ilə də insanları cəlb edir. Lakin son illər bu bağlar...

Müasir İncəsənət Muzeyində Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə "Mədəniyyət və Menecment Laboratoriyası" təşkilatı tərəfindən həyata keçirilən "Cənubi Qafqazda regional incəsənət və mədəniyyət layihəsi" çərçivəsində Eldar Əkbərov və Səbinə Şıxlinskayanın "Bağ" adlı sərgisi açılıb. Mavi Xəzərin sahilində yerləşən Abşeron bağları mövzusuna həsr olunan sərginin eksponatları həmin bağların sürətlə qeybə çəkilən mahiyyətini əks etdirərək ziyarətçilərin nəzərinə çatdırır.

Səbinə Şıxlinskaya üçün ilham mənbəyi şəxsi təcrübəsi və Abşeron yarımadasında yerləşən ailə bağı ilə əlaqəli xatirələridir. Şəxsi və sosial yaddaş, məhv edilmə və mühafizə konsepsiyaları arasında rabitə haqqında dərin düşüncələrin istinad nöqtəsi olaraq müəllif ailə arxivində saxlanan video və fotomateriallar seçib. O, performativ instalyasiyasında ərsəyə gətirdiyi surəti ağ boya ilə rəngləyib. İlk baxışdan bu hal vandalizm aktı və rəssamın öz əlləri ilə hazırladığı əsəri məhv etmək arzusuna, habelə öz keçmişinin ləğv edilməsinə eyham kimi görünə bilər. Lakin buna rəğmən bu cür hərəkətin nəticəsində yaranan bəyaz kətan özündə yeni fürsətləri ehtiva edən "ağ vərəq" sayıla bilər.

Eldar Əkbərov öz fotoşəkillərində Abşeron bağlarının xarabalıqlarını, demək olar, tibbi qərəzsizliklə təsvir edib: dağılmış evlərin tutqun görüntüləri, istifadəsiz qalan maşınlar, tikintisi bitməmiş metal konstruksiyaları və adam olmayan çimərliklər bərabər paylaşılan işıqlandırma ilə adi çəkiliş rakursundan lentə alınıb. Rəngli plyonkanın müəllif tərəfindən istifadə olunması və qeyd olunan xarabalıqlarda bitən nəbatat tamaşaçıda qayğısızlıq hissləri oyadır və yaxşılığa doğru dəyişikliklərin olacağı ilə bağlı az da olsa ümid verir.

Qeyd edək ki, etimoloji baxımdan rus dilində "bağ" sözünün ekvivalenti olan "daça" sözü şəhərin kənarında yerləşən müvəqqəti yaşayış yerini bildirir. Lakin Rusiya imperiyası və Sovet İttifaqı dövründə "daça"lar mədəni yaddaşın və sosial təcrübənin o dərəcədə ayrılmaz bir ünsürünə çevrilib ki, şəhərin kənarında yerləşən yay evləri dedikdə, bir qayda olaraq, məhz bu söz işlənib.

Sərgi dekabrın 11-dək davam edəcək.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top