2000-ci ildən indiyə kimi hansı ədəbiyyat adamları Nobel mükafatı qazanıb?

2016-cı ildə Bob Dilan Nobel ödülünü qazanmaqla dünyanın dörd bir yanından insanların diqqətini Amerikaya çəkə bildi. Amerikada buna qədər bu ödülü qazanan yazıçılar çoxdur. Bir anlıq da olsa insanlar musiqiçinin ədəbiyyat ödülü qazanmasına təəccüb etdilər. 2000-ci ildən 2016-cı ilədək ədəbiyyat üzrə Nobel mükafatı alan şair və yazıçıları təqdim edirik.

Qao Sinszyan müasir dünyada insanın vəziyyətini kədərlə qeyd edən dünyəvi xarakterli Çin nəsrini və dramaturgiyasını müasir səviyyəyə qaldıran əsərlərinə görə 2000-ci ildə Nobel mükafatına layiq görülüb.

Vidiadxar Suracprasad Naypol hind əsilli Britaniya yazıçı İslamı açıq şəkildə tənqid etməsi ilə tanınır. 2001-ci ildə ədəbiyyat üzrə Nobel mükafatını "Barəsində fikir yürüdülməsi adətən düzgün sayılmayan faktlarla bağlı bizi düşünməyə vadar edən sarsılmaz dürüstlüyünə görə" alıb.

İmre Kertes Macarıstanın ədəbiyyat sahəsində ilk Nobel laureatçısı İmre Kertes yəhudi əsillidir. Kertes öz yaradıcılığında cəmiyyətin aktiv olaraq şəxsiyyəti özündən asılı etdiyi bir dövrdə fərdin yaşamağa və düşünməyə necə davam edə biləcəyi barəsində suallara cavab verir. Yazıçı 2002-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Con Maksvell Kutzee - Cənubi Afrika Respublikasından olan yazıçı. Kutzeyenin romanlarına xas olan xüsusiyyətlər - gözəl düşünülmüş kompozisiyalar, zəngin dialoqlar və analitik düşüncə sahəsindəkı ustalığıdır. O, eyni zamanda hər şeyi - qərb sivilizasiyasının qəddar rasionalizmini və süni əxlaqını tənqid edir. O, intellektual baxımından çox vicdanlı adamdır. Doğrunu yanlışdan ayırd etmək problemləri ilə, hərəkət və hərəkətsizliklərin arasındakı seçim əzabı ilə məşğul olur. 2003-cü ildə Nobel mükafatı alıb.

Elfrida Elinek - Avstriya yazıçısı, dramaturq, şair və ədəbi tənqidçi. Henrix Böll mükafatı, Georq Büxner mükafatı, Henrix Heyne mükafatı, Frans Kafka mükafatı laureatı almış yazıçı 2004-cü ildə Nobel mükafatına da layiq görülüb.

Harold Pinter - yəhudi əsilli ingilis dramaturqu, şair. Pinter 2005-ci ildə ədəbiyyat Nobelinə "pyeslərində adilik arasında gizlənən uçurumları göstərdiyinə və şüurun ən bağlı qatlarına yol tapa bildiyinə görə" layiq görülüb.

Orxan Pamuk - türk yazıçısı. Postmodern üslubunda yazdığı romanları dünyanın bir çox dillərinə tərcümə olunub. Orxan Pamuk "Doğma şəhərinin melanxolik ruhunun axtarışı nəticəsində mədəniyyətlərin toqquşması və qovuşması üçün yeni simvollar tapdığına görə" 12 oktyabr 2006-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb və bu mükafatı alan ilk türk yazıçısı olub.

Doris Lessinq - ingilis yazıçısı. Fantast İngilis yazıçısı Doris Mey Lessinq ədəbiyyat sahəsində Nobelə layiq görülən 11-ci qadındır. Digər tərəfdən mükafatı həyatının ən ahıl çağında - 87 yaşında alması ilə də özünəməxsus rekord sahibi olub. Xanım yazıçı İranın Kirmanşah şəhərində doğulub. Nobel mükafatı yazıçıya 2007-ci ildə "Skepsis, həyəcan və uzaqgörənliklə bölünmüş sivilizasiyanı diqqətə çatdıran, qadın təcrübəsini qeyd edən yazıçı olduğuna görə" verilib.

Jan Mari Qustav Le Klezio fransız yazıçısı, şair. "Yeni istiqamətlərin, poetik macəraların və duyğusal coşğunluğun müəllifi, bəşəriyyətin hakim sivilizasiyanın sərhədlərindən kənar tədqiqatçısı olduğuna görə" 2008-ci ildə Nobel sülh mükafatına layiq görülüb.

Herta Müller Rumuniya yazıçısı. Herta Müller 2009-cu ilin ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. İsveç Akademiyasının bununla bağlı açıqlamasında deyilir ki, Müller bu mükafata "şeirin gücündən və nəsrin açıqlığından istifadə edərək yoxsulların dünyasını təsvir edə bildiyi üçün" layiq görülüb.

Mario Barqas Yosa - Peru nasiri və dramaturqu, publisist, ictimai-siyasi xadim. Yosa 2010-cu il ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Mükafatı verən İsveç Akademiyasının açıqlamasında Nobel mükafatının Yosaya "hakimiyyət strukturunun detallı açıqlamasına və insanın mübarizəsi, üsyanı və məğlubiyyətinin kəskin təsvirinə görə" verildiyi bildirilib.

Tomas Gösta Tranströmer. İsveçli şair və tərcüməçi 2011-ci ildə "Aydın və yığcam şəkilləri ilə reallığa daha asan çıxış əldə etmək imkanı yaratdığına görə" Nobel mükafatına layiq görülüb.

Mo Yan təxəllüsü ilə tanınan çinli yazıçı Guan Moye 2012-ci ildə "hallüsinasiyalı realizmi vasitəsilə xalq nağıllarını, tarixi və müasir ədəbiyyatı birləşdirən" yazıçı kimi ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülüb.

Elis Enn Manro - kanadalı yazıçı, Buker mükafatı laureatı, Kanada general-qubernatorunun bədii ədəbiyyat üzrə mükafatının üçqat laureatı "çağdaş qısa hekayənin ustası olduğuna görə" 2013-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı qazanıb.

Patrik Modiano Fransız roman yazarı. "Özünün ən anlaşılmaz insan talelərinə yol açan və sənət dünyasının - həyatının bilinməyən tərəflərini açıb göstərən yaddaş sənətinə görə" 2014-cü ildə ədəbiyyat üzrə Nobel mükafatını alıb. Mükafat barədə xəbər aldıqdan sonra o, bir neçə saata yox olmuşdu. Nə özündən, nə də onun mətbuat katibindən heç kim xəbər ala bilmirdi.

2015-ci ilin Nobel mükafatı alan Svetlana Alekseyeviç belorussiyalı yazıçıdır. Xanım yazıçı "polifonik yazılarına və dövrümüzün iztirab və cəsarət abidəsini yaratdığına görə" ödülü qazanıb. Həmçinin yazıçı insanlardan dünya tarixinin ən qorxunc və dəhşətli anlarını yadda saxlamağı və təkrarlamamağı xahiş edir. "Müharibədə kişi və ya qadın anlayışı yoxdur. Qorxunc hiss hər kəsi eyni vəziyyətə salır",-deyir.

Bob Dilan əslində Amerikada folk-rock musiqiçisidir, ancaq onun söz və musiqisini yazdığı yüzlərlə məşhur mahnıya görə şair də hesab edənlər var və bu səbəbə görə Nobel Komitəsi 2016-cı ildə Ədəbiyat üzrə Nobel mükafatını ona təqdim edib.

Yazını internet materialları əsasında hazırladı: Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top