Hər ilin konkret günlərində kişilər qadınlar haqqında pafoslu çıxışlar edirlər. Deyirlər, daha doğrusu, deyirik ki, qadınların ailədə, cəmiyətdə bütövlükdə ölkədə çox böyük izi, əməyi var. İnsanın insan kimi formalaşmasında qadın zəhmətinin əvəzsiz rolu var. Qadın, anadır, bacıdır, həyat yoldaşıdır, qız övladıdır və s. bu kimi təmtəraqlı sözlər... Amma bu da bir faktdır ki, ölkəmizdə də, dünyanın müxtəlif yerlərində də qadına qarşı şiddət var. Bəs, sözdə yerə göyə sığdıra bilmədiyimiz qadınlara qarşı niyə bu qədər şiddət var? Əsasən Şərq ölkələrində qadın haqları pozulur. Azərbaycan da şərq ölkəsi sayılır.
Bizdə qadınlarımızın haqları qorunurmu? Ümumiyyətlə, qadının cəmiyyətdəki rolu nədir? Bu suallara cavab tapmaq üçün yazı-pozu adamlarına müraciət elədik. Publisist, jurnalist Coşqun Eldaroğlu mövzu ilə bağlı "Yeniavaz.com"a danışarkən bildirdi ki, bizim cəmiyyət patriarxaldır: "Yəni biz, kişi hüquqlarının daha çox olduğu, kişilərin daha böyük qüvvəyə sahib olduğu cəmiyyətdə yaşayırıq. Təbii ki, belə cəmiyyətdə qadın hüquqları daha az olur. Ailə-məişət məsələlərində kişinin hüquqları daha çoxdu. Bir çox qərarları kişi verir. Hətta belə bir ifadə var: "boşayaram səni". Bu tipli sözlər xalqların hamısında yoxdu. Oradakı "boşayaram səni" o deməkdir ki, bunu mən müəyyənləşdirirəm, qərarı mən verə bilərəm ancaq".
Qadınların özlərini ikinci planda olduqlarını göstərən sözlər haqqında danışan jurnalist qeyd etdi ki, bu sözlərlə qadınlar özləri öz hüquqlarını pozurlar: "Getsin bir il Rusiyada işləsin, yaxşı olsa, bizi də aparar", burada "bizi aparar" sözü onu deyir ki, əsas adam kişidir. O qərar verə bilər, bizi o apara bilər. Qadınların hüquqlarını təkcə kişilər pozmur. Bir çox qadınlar özləri istəyirlər ki, kölgədə qalsınlar. Yüzlərlə belə ifadə var ki, bunlar qadın hüquqlarını pozur. Hansılar ki, bunu qadınlar özləri istifadə eləyirlər. Təbii ki, kişi fiziki baxımdan güclü tərəfdir. Qadınlar da bundan istifadə eləməyə çalışırlar. Hesab edirəm ki, qadınlar kölgədə qalırlar. Bizim cəmiyyətdə qadınlar heç kişilərlə bərabər olmağı da istəmirlər. Ümumiyyətlə, mənim üçün qadın və kişi yoxdur. Mənim üçün insan faktoru var".
C. Eldaroğlu son illərdə qadın hüquqlarının artdığını dedi. O bildirdi ki, əvvəl bu qədər maşın sürən, bizneslə məşğul olan qadın görməzdik: "Deyirlər boşanmaların sayı artıb. Bu məncə, qadınların çoxunun öz hüquqlarını tələb etməsilə bağlıdır. Əvvəllər belə deyildi. Ailələrin bir çoxu valideynlərin məsləhətilə qurulurdu. Mən hələ 20-ci əsrdən danışıram, orta əsrlərdə lap faciəvi idi. İndi qadınların hüquqları xeyli artıb, boşanmalarda buna görə çoxalıb. Kişilər cəmiyyətin güclü tərəfidir, amma qadın hüquqları da var. Bilmirəm bunu inkişafın ayağına yazaq, yoxsa ailə prinsiplərinin pozulmasının ayağına yazaq, necə istəyirsiz adlandıra bilərik".
Mövzu ilə bağlı nümunə də verən müsahibimizin sözlərinə görə, hətta bəzən ziyalı, müstəqil fikirli qadınlar belə istəyirlər ki, kişi güclü tərəf olsun: "Belə savadlı qadın da bərabər olmaq istəmir, deyir ki, kişi öndə olsun. Məsələn, nərdivana çıxıb bir iş görmək lazımdır, bunun üçün çox da fiziki güc tələb olunmur, qadın bu yerdə deyir ki, "sən evin kişisisən". Bu münasibətlə qadın kişi bərabərliyi ola bilməz axı. Mən özüm belə başa düşürəm ki, insanların ibtidai instinqtləri bərabərliyi qəbul eləmir. Qadınlar özləri kölgədə qalmaq istəyirlər. Qadınların ibtidai instinqtləri onları tabe olmağa sövq edir".
Jurnalist bu yaxınlarda müasir obrazlı bir xanımla olan dialoqundan da danışdı. Bildirdi ki, o xanım müasir olmasına baxmayaraq, belə bir söz işlədib: "Mən istəyirəm ki, gələcək həyat yoldaşım əlini stolun üstünə vursun, onun sözü keçsin". Həmin kişi bir neçə dəfə stola vurandan sonra yəqin ki, o yumruq qadına da dəyəcək. Bütün obrazı müasirlikdən xəbər verən qadın istəyir ki kişi əlini stolun üstünə vursun. Şərq qadını bu məsələlərə xeyli romantik yanaşır, rasional ola bilmir. Qərb qadını isə rasionaldır. Şərq qadını bunu xeyli duyğusallığa bağlayır. İstəyir ki, onun güclü əri olsun".
Coşqun Eldaroğlu "8 mart" haqda da danışdı. Dedi ki, biz "8 mart" bayramına qadına hədiyyə vermək yükü yükləmişik: "8 mart" qadın azadlıqları ilə bağlı gündür. Qadınların azadlıq ifadə elədiyi gündür. Amma indi elə bil marketinq yükü yüklənmiş gün olub. "8 mart"da kim daha bahalı hədiyyə alacaq? Sanki sevginin göstəricisi, ifadə formasına çevrilib. "8 mart"da alınan hədiyyə sevginin ifadə forması olub. Bu günə rəqabət prinsipi yüklənib. "8 mart" SSRİ layihəsidir. Bu gün sosializm mühitinin, quruluşunun bir vaxtlar olduğu ölkələrdə qalıb. Amma qərbdə belə şey yoxdur, "8 mart"da kişi qadına yekə bir ayı alıb aparmır. Bizdə "8 mart" hədiyyə almaq günü olmasa, məncə, böyük inqilabi hadisə olar".
Mövzu ilə bağlı yazıçı-jurnalist Günel Natiqdə danışdı. Yazıçının sözlərinə görə, qadın cəmiyyətdə aktiv rol oynayır, seçkilərdə namizədliyini irəli sürür, millət vəkili seçilir, elmdə kəşflər edir, sanballı kitablar yazır: "Amma Azərbaycan qadını göründüyü qədər azad deyil. Bizlər hər addımda mənəvi basqılarla üzləşirik. Bu basqılar hər yerdən üstümüzə "yürüyür". Azərbaycan qadınının mənəvi problemi elə onun qadın olması ilə bağlıdır. Biz müsəlman cəmiyyətində tərbiyə alırıq, sərt qanunlar hələ biz körpə ikən özünü göstərməyə başlayır. "Qız uşağı ağır oturar, batman gələr", "Qız nədir, həyət-bacaya çıxdı nədir" və s. Qız uşaqlarına tətbiq olunan qadağalar ailədə böyüyən oğlanlara tətbiq edilmir. Hətta bığ yeri təzə-təzə tərləməyə başlayan qardaş da bacısının üstündə öz hökmranlığını göstərməyə başlayır, həyət-bacaya qoymur, geyiminə qarışır və s".
Günel Natiq qızların ailədə kompleksli böyüdüyünü dedi: "Qarşı cinslə heç bir ünsiyyəti olmadığı üçün, həyatın sonrakı mərhələsində bir çox çətinliklər yaşayır. Gənc qız sadəcə olaraq necə davranacağını bilmir. Bir tərəfdən mənəvi basqılar, bir tərəfdən öz şəxsi istəkləri onu çıxılmaz vəziyyətə salır. Azərbaycan qadını çox zaman şəxsi istəklərini, xoşbəxtliyini cəmiyyətin təzyiqlərinə qurban verir. Amma hər şey bununla da bitmir. Cəmiyyətin tələb etdiyi kimi xanım olmağa çalışan qadını eyni cəmiyyət qeyri-səmimilikdə, kompleksli olmaqda qınayır".
Yazıçı qızların erkən yaşda ailə qurmasından da danışdı. Bildirdi ki, bəzi bölgələrimizdə qızlar məktəbi bitirmədən zorla ərə verilir, üstəlik onlara "ər evindən ancaq cəsədin çıxa bilər", deyə hədə-qorxu edilir: "Zavallı qadın gedəcəyi evi olmadığı üçün ərinin bütün təhqirlərinə dözür, hətta şiddətə məruz qalır. Belə ailələr ölkəmizdə kifayət qədərdir. Boşanmaq hər bir insanın, o cümlədən qadının hüququdur. Amma görək, o bunun öhdəsindən gələ bilirmi? Boşanmaq Azərbaycan qadının götürə bilməyəcəyi bir yükdür. Hətta boşanan xanım özünü və övladlarını təmin etmək gücünə malik olsa belə mənəvi təzyiqlərin ağırlığı altında sarsılır, "nə deyərlər" qorxusu onu məngənəyə salır. Bir sözlə, Azərbaycanda qadın olmaq çox çətin məsələdir".
Rasim Məmmədli