Azərbaycanı ikiyə bölən Türkmənçay müqaviləsindən 189 il keçir

Bu gün Azərbaycan tarixində ən hüznlü günlərdən biri hesab edilən, onu iki yerə bölən Türkmənçay müqaviləsinin imzalanmasından 189 il ötür. 1828-ci il fevral ayının 10-da Çar Rusiyası və İran arasında bağlanan bu müqaviləyə əsasən Azərbaycan torpaqlarının Araz çayından şimal hissəsi Çar Rusiyasının, cənub hissəsi isə İranının nəzarətinə keçdi. Təbrizdən 50 km məsafədə yerləşən Türkmənçay kəndində Rusiya generalı İvan Paskeviç və İran şahzadəsi Abbas Mirzə arasında imzalanan bu anlaşma tarixə elə Türkmənçay adı ilə də düşüb. Müqaviləyə əsasən, Azərbaycanın qədim torpaqları olan İrəvan və Naxçıvan xanlıqları Rusiyayanın nəzarəti altına keçib. Arazın cənub hissəsi isə İranda qaldı. Beləliklə Türkmənçay müqaviləsi ilə Azərbaycan ikiyə bölünmüş oldu. Rusiya tərəfindən Azərbaycanın işğal edilməsi Pyotr dövründən qalma siyasətin həyata keçirilməsi demək idi. Müqavilədə Pyotrun vəsiyyətlərinə uyğun olaraq İrandan və Türkiyədən erməni əhalinin İrəvan, Naxçıvan, Qarabağa köçürülməsi, İranın Rusiyaya təzminat (20 mln.rubl) ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərin İranda ticarət güzəştləri əldə etməsi barədə maddələr də vardı. Yəni müqavilə ilə ermənilərin Azərbaycanda yerləşdirilməsi üçün münbit siyasi şərait yarandı. Belə ki, bu müqavilənin şərtləri əsasında İrandan 40 min, Türkiyədən 84 min erməni Azərbaycana köçürüldü. Bununla da Azərbaycan ərazilərində ermənilərdən ibarət Rusiyanın dayaq məntəqələri yaradılmağa başladı və gələcək milli faciələrimizin əsası qoyuldu. Günümüzdə də davam edən bu milli faciə nəticəsində Rusiyanın köməyi ilə azərbaycanlılar doğma yurd-yuvalarından qovuldular. Bu gün qədim Azərbaycan torpaqlarında (Qərbi Azərbaycan) yaradılan qondarma Ermənistan yenə də havadarlarının yardımı ilə ərazilərimizin 20 faizini işğal edib. Lakin Azərbaycan xalqının yenidən doğma torpaqlarına qayıdacağı, Türkmənçay müqaviləsini tarixin zibilliyinə ataraq vahid dövlətədə birləşəcəyi gün hökmən gələcək....

DİGƏR XƏBƏRLƏR

Top