"Təhsil Nazirliyi tələbələrin sayını artırmaq istəyirsə..." - Ekspertdən təklif

"Ali və orta ixtisas məktəblərinə yeni qəbul qaydaları ilə bağlı bir məqamı da mən qeyd edim. İl ərzində 2 dəfə tələbə olmaq istəyənlərə şans tanımaq müsbət addımdı. Xüsusən də abituryentlərin stressini azaltmaq baxımından faydası ola bilər". Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, amma "ali təhsil alanların sayı artmalıdır" təklifinin bir "əmması" var: "Gerçəkdən Azərbaycan əhalinin hər 100 min nəfəri hesabı ali məktəb tələbələrinin sayına görə, inkişaf etmiş ölkələrdən, eləcə də bir sıra keçid ölkələrindən 3-4 dəfə geri qalır. Amma say artımı onsuz da aşağı olan keyfiyyətin daha da pisləşməsi hesabına baş verməməlidir. Bunun üçün ali təhsil pilləsini keçid üçün hər bir ixtisas üzrə (qrup üzrə yox) minimal keçid balları müəyyən edilməsi çıxış yollarından biri ola bilər. Məsələn, maksimum balın (700 bal) 40%-dən (280 bal) aşağı balla heç bir ixtisas üzrə ali məktəblərə qəbul aparılmamalıdır. Bütün ixtisaslar üzrə minimum keçid balı isə ixtisasların mürəkkəbliyindən, iqtisadiyyat üçün faydalılığından asılı olaraq 280 baldan yüksək olmaq şərtilə müəyyən edilə bilər. Məsələn, hər abituriyent bilməlidir ki, hansı regionda, hansı universitetdə olmasından asılı olmayaraq, riyaziyyat müəllimi olmaq istəyirsə, 400-dən aşağı bal toplamamalıdır.

Daha bir təklif pullu ali təhsillə bağlıdır. Bu gün Azərbaycanda dövlətin ali təhsil xərclərinin ÜDM-də payı 0.3% ətrafındadır. Dünyanın qabaqcıl ölkələrində həmin göstərici 1-2% intervalında dəyişir. Bu gün Azərbaycanda dövlət ali məktəblərində oxuyanların 76-77%-i ödənişli təhsil alır. Yoxsulluğun real miqyasının yüksək olduğu ölkədə hökumət bütün insanların ali təhsilə əlçatanlığını artırmaq üçün ali təhsil xərclərini artırmalıdır. Bunun üçün hökumət belə bir hədəf müəyyən edə bilər: maksimum balın (700 bal) məsələn, üçdə ikisindən (450 bal) yüksək bal toplayan bütün abituryentlərin xərclərini dövlət qarşılayacaq. Təhsil Nazirliyi tələbələrin sayını artırmaq istəyirsə, bu da bir stimullaşdırıcı mexanizm ola bilər".

DİGƏR XƏBƏRLƏR

Top