Gülməli inanclar

Tarix boyu insanların çarəsizliyi, savadsızlığı onları müxtəlif obyektlərə inanmağa məcbur etmişdir. Tək Allahlığa qədər dağa, ağaca, suya, səmaya, oda və s. sitayiş edilmiş, müxtəlif mistik ayinlər icra edilmişdir (bunlardan şamançılıq hələ də mövcuddur). Bu cür heç bir məntiqi əsası olmayan, bir xəstəlik halına çatmış batil inanclar o səviyyəyə gəlmişdir ki, artıq savadlı-savadsız hər kəs onlara müxtəlif dərəcədə inanır və əməl edir. Təbii ki, 21-ci əsrdə hələ də belə xurafatların olması gülüncdür. Bu tək bizdə yox, bütün dünyada az-çox vardır. Hətta ən çox inkişaf etmiş yaponlar belə 4 rəqəminin uğursuzluğuna inanırlar, ən bahalı otellərdə bu rəqəmdə lift, otaq nömrəsi yoxdur. Bu onu göstərir ki, bu inancların kökü o qədər dərindir ki, artıq həyat tərzinə, ənənəyə çevrilmişdir.

İnancların böyük əksəriyyəti nəzərlə əlaqədardır. Nəzərin haqq olduğunu dinizmiz, Qurani-Kərim buyurur. Lakin, ona qarşı göz muncuğu, üzərlik, dağdağan, müxtəlif tikanlardan istifadə tamamilə dindən uzaq, cahillik əlamətləridir. Bunlardan bir neçəsini sizinlə bölüşürük.

  • Gec dünyaya gələn uşağa köhnə paltar geyindirirlər ki, nəzər dəyməsin.
  • Kənd yerlərində qapıdan qırıq boşqab, qoç buynuzu və ya kəllə sümüyü asılar nəzərə görə.
  • Kəltənkələ quyruğunu cibinə qoysan pul gələr.
  • Qurbağa öldürəndə yağış yağacağı deyilir.
  • Yola çıxan adamın arxasınca mənzil başına çatmayınca ev təmizlənməz.
  • Qayçı ağzı açıq saxlanmaz.
  • Əkiz uşağı olan qadın sacıyla qızarmış gözü silərsə qızartı keçər.
  • Barmaqla qəbir göstərmək olmaz, gərək şəhadət barmağını dişləyəsən.
  • Qəbirə yaxşı demək olmaz.
  • Gün batandan sonra ev təmizləmək, evdən zibil çıxarmaq olmaz.
  • Gecə vaxtı kiməsə borc versən evin bərəkəti gedər.
  • Süpürgə ayağına dəysə şərə düşərsən.
  • Boş beşik yelləmək olmaz.
  • Axşam vaxtı dırnaq tutmaq olmaz.
  • Körpə uşağı bazar ertəsi çimdirmək olmaz, ən yaxşısı cümə günündür.
  • May ayında toy eləməzlər.
  • Stolun üstünü kağızla silsən evin bərəkəti gedər, əlinlə silsən qayınana deyingən olar.
  • Əyində paltar tikilməz, şərə düşərsən.
  • Birinə dərman versən gərək əvəzində az da olsa pul alasan, yoxsa xəstəlik sənə keçər.
  • Stolun küncündə otursan evdə qalarsan.
  • Qapı ağzında dayanmazlar.
  • Nəsə gizlin bir şey yesən hıçqırıq tutar.
  • Gecə vaxtı güzgüyə çox baxmazlar.

Bu cür inanclar hərdən o səviyyəyə çatır ki, həyatımızı iflic edir, bizi özündən asılı vəziyyətə salır.Təsəvvür edin yuxarıda sadaladıqlarımızdan birinə əməl etsək nə olar ? Deyək ki , gözümüzə adi toz dənəsi düşüb və qızarıb. İnanca əsasən əkiz uşaq anası saçıyla gözümüzü silir və infeksiya keçir. Nəticədə heç nədən həkimlik oluruq. Bax buna deyərlər “qaş düzəldən yerdə vurub göz çıxarmaq”.

Batil inanacların bəziləri hətta ayin xarakteri daşıyır. Bunlardan nəzər əleyhinə edilən pambıq, duz və üzərlik yandırmanı qeyd etmək olar. Bir topa pambıq götürülür, nəzər dəyilməsi ehtimal olunan adamın başı üzərində nəzəri dəyən insanların adı çəkilərək pambıqdan lopalar qopardılır, “gözü dəyənin gözü çıxsın” deyilərək duz və üzərlikdə birlikdə yandırırlır. Yanan zaman guya hər közərti bir gözdür. Doğrudur, üzərlik bitkisindən, toxumundan təbabətdə bir çox xəstəliklərin şəfasında istifadə olunur. Onun antibakterial xüsusuiyyətləri də məlumdur. Bundan başqa üzərliyin qoxusu beyin damarlarını genişləndirir, qan dövranını yaxşılaşdırır. Lakin üzərlikdən nəzər üçün istifadənin heç bir elmi, dini, məntiqi əsasları yoxdur.

Başqa bir “ayin” isə qorxuluq götürmə adlanır. Bu zaman nədənsə qorxmuş adamın başı üzərinə ağ parça tutulur. İsidilmiş, qaynar qurğuşun bir qab suyun içinə atılır və istiylə qovuşan sudan bərk səs çıxır. Beləliklə adam bu səsdən qorxur və qorxuluğu çıxmış olur. Soyuq suda isti qurğuşun soyuyaraq hər formaya düşür və bu şəkil guya qorxu mənbəyini göstərir. Bundan başqa bunun sadə variantları da var. Qorxmuş adamın qulağı dibində qəfl bir şey sındırılır, o diksinir və qorxu canından çıxır. Buna qorxuyla qorxu çıxarmaq fəlsəfəsi deyilir. Əgər doğurdan da ciddi qorxma varsa, psixoloqa getmək varkən nə ehtiyac var bu oyunbazlığa?

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top