Marşrutlara minərkən diqqətli olun: mənzil başına çatmaya bilərsiniz

Paytaxt ərazisində fəaliyyət göstərən marşrut avtobuslarının yol-hərəkəti qaydalarını pozması, tez-tez qəza törətmələri, avtobus sürücülərinin sərnişinlərlə kobud rəftarı və digər bu kimi qanunsuzluqlar barədə mətbuatda dəfələrlə yazılıb. Amma belə görünür ki, paytaxt nəqliyyatındakı çatışmazlıqların aradan qaldırılması üçün hələ çox işlər görülməlidir. Belə ki, dünən paytaxt nəqliyyatında daha bir sürücü özbaşınalığı qeydə alınıb. Paytaxt sakinlərindən birinin "Yeniavaz.com"a etdiyi müraciətdə bildirilir ki, 65 saylı marşrut xətt üzrə işləyən 99 JM 353 saylı avtobusun sürücüsü sərnişinlərə xəbərdarlıq belə etmədən avtobusu xəttən kənara çıxararaq sonuncu dayanacağa (Azneft meydanı) getməyib. Sərnişinlər sürücüdən xəttən kənara çıxmamasını tələb etdikdə isə sürücü onların iradlarına məhəl qoymayıb. Onu da qeyd edək ki, vaxtı ilə mətbuatda belə bir məlumat yer almışdı ki, paytaxt ərazisində azyaşlı uşaqların itməsinin əsas səbəblərindən biri də məhz avtobus sürücülərinin xəttdən kənara çıxması ilə bağlıdır. Bu cür avtobus sürücüləri xəttən kənara çıxaraq sərnişinləri getmək istəmədikləri istiqamətlərə yönəldirlər və onları avtobusdan düşməyə məcbur edirlər. Bu isə azyaşlıların itkin düşməsinə, yaşlı və xəstə insanların daha uzun məsafə qət etmələrinə səbəb olur. Qeyd edilən problemin ən çox "Xaliq Faiqoğlu" şirkətinə məxsus avtobuslarda, xüsusilə də 65 saylı marşrutda müşahidə olunduğu bildirilir.

Məsələ ilə bağlı "Xaliq Faiqoğlu" şirkətinin rəsmiləri ilə bir neçə cəhddən sonra əlaqə saxlaya bildik. Şirkətin bizimlə əlaqə saxlayan rəsmisi Zamiq Şükürov bildirdi ki, sürücünün yolu dəyişməsinin səbəbi yolun bağlı olması ilə əlaqəli olub və sadəcə olaraq sürücü bunu sərnişinlərə düzgün formada izah edə bilməyib. Şirkət rəsmisi bildirdi ki, məsələ ilə bağlı 99 JM 353 saylı avtobusun sürücüsü və həmin sahənin məsul şəxsi tənbeh olunub və barələrində digər tədbirlər görüləcək.

Biz də öz növbəmizdə ümid edirik ki, "Xaliq Faiqoğlu" şirkəti keyfiyyətli xidməti, insana hörməti özünün təməl dəyərləri arasında göstərdiyi üçün, 99 JM 353 saylı avtobusun sürücüsünün bu dəyərlərdən uzaq olmasına lazımi münasibəti göstərəcək.

Məsələyə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev də münasibət bildirərək qeyd etdi ki, sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərin heç birinin marşrut xəttini dəyişmək səlahiyyəti yoxdu: "Marşrut xəttləri Bakı şəhərində Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilirək müvvəqqəti istismar üçün daşıyıcılara verilir. Qeyd etdiyiniz məsələ ilə bağlı araşdırma aparılacaq və marşrut xəttinin dəyişməsi, kənara çıxma və ya tam gedilməməsi kimi hal təsdiq edilərsə o halda buna yol verən sürücü barəsində müvafiq tədbir görüləcək ki, bir daha belə hal təkrarlanmasın".

DİGƏR XƏBƏRLƏR

Top