"Azərbaycanda dolların ucuzlaşmasının bir səbəbi də Çində yeni ilin qeyd olunmasıdır"

Son günlər ölkəmizdə dolların ucuzlaşması müşahidə edilir. Evində dolları olan da, olmayan da bu prosesi diqqətlə izləyir. Bununla bağlı müzakirələr bitib-tükənmək bilmir. Müxtəlif fikirlər səsləndirilir. Əksəriyyət belə ehtimal edir ki, dolların ucuzlaşması müvəqqəti xarakter daşıyır.

Bugünlərdə həmsöhbət olduğumuz bir biznesmen isə ölkəmizdə dolların ucuzlaşmasını Çindəki Yeni il tətili ilə əlaqələndirib: "Mən də bu fikirdəyəm ki, dolların ucuzlaşması müvəqqətidir. Bildiyiniz kimi, hazırda Çində Yeni il qeyd olunur. Çində Yeni ildə ticarət mərkəzlərində, alış-veriş mərkəzlərinin əksəriyyətində iş olmur. Odur ki, bu ölkədən Azərbaycana mal gətirən iş adamları da işlərini müvəqqəti təxirə salıb, gözləyirlər. Bununla əlaqədar ölkəmizdə dollara tələbat azalıb. Yəqin ki, dolların ucuzlaşması həm də bununla əlaqədardır. Çində ticarət mərkəzləri işə başlayandan sonra Azərbaycanda dollara tələbat artacaq və çox güman ki, dollar yenindən bahalaşmağa başlayacaq".

Qeyd edək ki, Çində hər il yeni il tətilində 1 aydan çox iş olmur.

Sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli Yeniavaz.com saytının mövzu ilə əlaqədar sualına belə cavab verib: "Bu ehtimal kifayət qədər məntiqlidir. Çünki Azərbaycanın əsas ticarət partnyorlarından biri Çindir. Çindən Azərbaycan üzərindən digər ölkələrə də gedən mallar, materiallar gətirilir. Dediyim kimi, bu ehtimal əsas faktorlardan biri hesab oluna bilər".

Nazim Bəydəmirli dolların ucuzlaşması ilə bağlı digər faktorlara da toxunub: "Keçən ilin sonuna müxtəlif bankların, kredit təşkilatlarının xarici borclarının ödənilməsi üçün dollar daha çox lazım idi. Ona görə də ilin başlanğıcında dollara tələbat azalıb. Bu, ikinci faktordur. Üçüncü faktor neftin qiymətinin kifayət qədər, yəni uzun müddətdir 50 dollardan yuxarı qalmasıdır. Bununla əlaqədar Azərbaycana daxil olan valyuta belə demək mümkünsə, tələbi qarşılayır. Dolların kursunun stabilləşməsi müvəqqəti də olsa yaxşı haldır və hesab edirəm ki, qiymətlərin kəskin bahalaşmasına əsas olmayacaq. Çünki ölkə idxaldan asılıdır, gündəlik tələbat mallarının 70-80 faizi xaricdən gətirilir və dollar bahalaşanda həm obyektiv səbəblərdən, həm də subyektiv səbəblərdən qiymətlər artırılır. Bu da əhalinin real gəlirlərinə mənfi təsir edir. Ona görə də dolların qiymətinin sabit qalması daha məqsədəuyğundur. Bu isə nə qədər mümkün olacaq, onu zaman göstərəcək".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top