Müəllim şagirdi döyməsin, bəs döyüləsi şagirdə neyləsin?

Sosial şəbəkələrdə, saytlarda müəllimin şagirdi döyməsi haqqında videolar paylaşılanda böyük rezonans doğurur və şübhəsiz ki, müəllimlər qınanır. Təbii ki, heç bir halda müəllimin şagirdini vurmaqla cəzalandırması doğru deyil. Şagirdin də borcu nizam-intizam qaydalarına riayət etməkdir. Lakin bəzi müəllimlər belə qeyd edirlər ki, şagirdlər bu vəziyyətdən sui-istifadə edirlər...

Mövzu ilə bağlı təhsil eksperti Əjər Ağayev "Yeniavaz.com"a açıqlama verib.

Ə. Ağayev: "Əgər hər hansı bir məktəbdə tələb olunan nizam-intizam varsa, orada müəllimin səsini qaldırmasına ehtiyac yoxdur. Məktəblərimizdə nizam-intizam qaydaları birmənalı şəkildə gözlənilmir. Bəzi müəllimlər öz nüfuzlarını qorumurlar. Ailələrlə məktəblərarası tərbiyələndirmə işləri də həmahəng aparılmır. Təkcə müəllimlərdən asılı olduğunu demirəm, elə şagird var ki, müəllimlə kobud davranır, heç müəllimi saymır. Bütün bunları aradan qaldırmaq üçün ölkədə nizam-intizam mühiti olmalıdır. Hər bir məktəbdə, məktəb direktorundan başlayaraq, orada adi müəllimlərə, xidmətçilərə qədər hər biri məktəbin daxili nizam-intizam qaydalarını gözləməlidir. Həmçinin müəllimlər də bilməlidirlər ki, şagirdlərə qayğı ilə yanaşmalıdırlar. Hər bir məktəb şagirdi qəbul edəndə sinif rəhbəri tərəfindən qəbul olunmalıdır; onlar sıra ilə siniflərə keçməlidir və hər bir uşağın xırdaca hərəkəti müzakirə olunmalıdır. Müəllim böyükdür, öyrədəndir. Ona hörmət, ehtiram mütləqdir. Təbii ki, müəllim özünü o səviyyədə aparmalıdır ki, ehtiramı qazansın. Hansısa şagirdin müəllimə qarşı etirmasızlığı meydana gəlirsə, orada yaxşı şeydən danışmaq olmaz. Ümümiyyətlə, məktəbdə intizam qaydalarını yüksəltməyə ehtiyac var. Lazım gələrsə, kadrları dəyişdirmək - direktoru, dərs-hissə müdirini yeni kadrlarla əvəzləmək lazımdır. Müasir yanaşmaları bilən kadrlarla işləmək lazımdır. Birinci və əsas şərt budur".

Ə. Ağayev bir məqama da toxunub: "Bu gün sinif rəhbərliyi haqqında danışan yoxdur. Hətta eşitdiyimə görə, istəyirlər sinif rəhbərliyini sıradan çıxartsınlar. Sinif rəhbəri sıradan çıxarsa, məktəbin bel sütünu sıradan çıxar. Hər bir sinif rəhbəri o sinifin, sinifdə oxuyan şagirdlərin, valideynlərin əvəzləyicisidir. Onların hər bir problemini həll edən şəxsdir. Dərsdən kənar tədbirlər təşkil etməklə şagirdlərin dünyagörüşünün artmasında yaxından iştirak edir. O zaman da hər şey qaydasında olur. İçərisində psixi cəhətdən problemli, yarımçıq ailələrdən gələn uşaqlar da olur, həmişə olub, qaçılmazdır. Respublikada ümümtəhsil məktəblərində təlim-tərbiyə işilərinin səviyyəsi qaldırılmalıdır".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top