Onkoloq Elçin Hüseynov: “Siqaret çəkmə 40 dəfə, passiv siqaret çəkmə isə 2 dəfə onkoloji riski artırır”

Dünyada hər il 4 fevral “Ümumdünya xərçənglə mübarizə günü” kimi geniş formada qeyd olunur. "Worldcancerday.org" saytının verdiyi məlumata görə hər il 8,2 milyon insan xərçəngdən dünyasını dəyişir. Bunun da 4 milyonunu 30-69 yaş qrupu təşkil edir. Bununla əlaqədar ölkəmizdə vəziyyət necədir? Onkoloji xəstəliklərin yaranma səbəbi və profilaktikası və s barədə kifayət qədər narahat doğuran suallar mövcuddur. Bu barədə “Sağlamlıq Naminə Təbiblər” İctimai Birliyinin qonağı olan Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının onkoloqu, tibb üzrə fəlsəfə elmləri doktoru Elçin Hüseynova suallar ünvanladıq.

- Ümumiyyətlə onkoloji xəstəliklərin yaranma səbəbi nədir?

- Ümumiyyətlə onkoloji xəstəliklərin risk faktorları, yəni, yaranma səbəbləri birinci növbədə qida (40 %), ikincisi siqaret çəkmələr (30 %), üçüncüsü isə irsiyyət və digər səbəblərdir. Təsəvvür edin ki, siqaret çəkmələr 40 dəfə, passiv siqaret çəkmələr isə 2 dəfə onkoloji riski artırır. Müəllimlərimin ifadəsi ilə söhbətə davam etsək, yəni cəmiyyət olaraq qida və siqaretə nəzarət edə bilsək onkoloji risk faktorlarının 70 % ni aradan qaldırmış sayılarıq. Mübaliğəsiz demək olar ki, klinik-praktik təbabət elmləri arasında onkologiya qədər sürətlə inkişaf edən və müayinə, müalicə protokolları nisbətən daha tez-tez dəyişikliyə uğrayan ikinci bir sahə yoxdur. Təsadüfi deyil ki, son 20 il ərzində xüsusən, immunologiya və genetika elmlərinin son nailliyyətləri onkoloji xəstəliklərin etiologiyasının müəyyənləşməsində, bu xəstəliklərin daha erkən aşkarlanması metodlarının tətbiqində və yeni, daha effektiv müalicə preparatlarının hazırlanmasında öz sözünü deyir. Hər il ESMO (Avropa Onkoloqlar Cəmiyyəti) və ASCO -nun (Amerika Klinik Onkoloqlar Cəmiyyəti) illik konfranslarında biz bu dəyişikliklərin şahidi oluruq.

- Siqaret müəyyən iradə məsələsidir. Hətta siqaretin qapalı məkanlarda çəkilməsinə görə məsuliyyətə cəlb olunma barədə də Milli Məclis səviyyəsində gündəliyə çıxarılır. Amma onkoloji xəstəliklərə səbəb olan qidalar barədə bəzən rast gəlinən xoşagəlməz məlumatlar (plastik məmulatlardan hazırlanmış məmulatlar, broyler toyuqlar və s.) ciddi narahatlığa səbəb olur. Bununla bağlı fikrinizi bilmək olarmı?

- Əlbəttə siqaret məsələsi hər bir şəxsin iradə məsələsidir, amma qapalı məkanlarda diqqət olunmalıdır. O ki, qaldı qida məsələsinə, bu məsələdə həssaslıq tələb olunur. Ölkəyə gətirilən məhsullar, qidanın keyfiyyəti ilə bağlı hansısa xoşagəlməz hallara rast gəlinirsə, bu hallar, aidiyyatı orqanlar tərəfindən daha ciddi nəzarətə götürülməlidir. Bu mənada həm dövlət, həm də qeyri-hökumət təşkilatlarının işi vacibdir.

- Azərbaycanda ən çox hansı onkoloji xəstəliklərə rast gəlinir?

- Azərbaycanda onkoloji xəstəliklərin rastgəlmə tezliyinə görə ilk 3 yeri süd vəzi xərçəngi (I yer), ağciyər, traxeya, bronxların xərçəngi (II yer) və mədə xərçəngi (III yer) tutur. Daha sonra Azərbaycanda rastgəlmə tezliyinə görə onkoloji xəstəlikləri sıralasaq bu kolorektal xərçəng, qida borusu və qırtlaq xərçəngidir (müvafiq olaraq IV, V, VI yerlər).

- Ölüm faktı barədə məlumat verərdiniz zəhmət olmasa.

- Məncə rəqəmlərlə ifadə etsək vəziyyəti daha düzgün qiymətləndirə bilərik. Rəsmi statistikaya görə 2015-ci ildə Azərbaycanda qeydiyyatda olan 40 000-dən çox onkoloji xəstə var idi və müxtəlif səbəblərdən ölən 54697 xəstədən 7278-i onkoloji xəstəliklər səbəbindən həyatını itirmişdir. Hər 100 000 nəfərə olan standartlaşdırılmış göstərici ilə ifadə etsək bu 76 hadisədir ki, müqayisə üçün qeyd edə bilərik ki, ABŞ-da bu göstərici 171 –dir. 1970-ci ildə bu göstərici Azərbaycan üçün 82 olmuşdu.

- Azərbaycanda ən çox rast gəlinən onkoloji xəstəliklərin daha çox müalicə oluna biləni hansı(lar)dır?

- Ümumən qeyd etsək, erkən mərhələdə aşkar olunmuş bütün onkoloji xəstəliklər müalicə oluna bilər. Nisbətən daha yaxşı yaşama proqnozu dəri xərçəngi, bədxassəli limfomalar, süd vəzi xərçəngi və yoğun bağırsaq xərçəngində müşahidə olunur ki, bu tendensiya bütün dünyada olduğu kimi Azərbaycanda da belədir.

- Onkoloji xəstəliklərin vaxtında aşkar olunması üçün hansı profilaktik müayinələr vardır və onlardan hansı praktiki olaraq ölkəmizdə icra olunur?

- Skrininq (şiş önü və şiş xəstəliklərinin erkən aşkar edilməsi) proqramı müxtəlif onkoloji xəstəliklər üçün fərqlidir və hər bir konkret onkoloji xəstəlikdə skrininq metodunun seçilməsi də hər zaman eyni olmaya bilər. Ümumən qeyd etsək, süd vəzi xərçəngi üçün skrininq metodu kimi mammoqrafiya, ağciyər xərçəngi üçün müvafiq olaraq fluoroqrafiya, onkoginekoloji xəstəliklərdə isə "PapaNikolau" üsulu ilə müayinənin aparılmasını göstərmək olar.

- Keçmiş sovet səhiyyəsində onkoloji xəstəlik aşkar olunduqdan sonra xəstənin özünə yox, yaxınlarına məlumat verilirdi. Hazırda vəziyyət necədir?

- Qeyd etmək lazımdır ki, bu mənada müəyyən dəyişikliklər var. Belə ki, ümumən cəmiyyətdə səhiyyə maariflənməsinin artması ilə artıq bəzi xəstələrlə nəinki diaqnozun özü barədə açıq danışırıq, hətta bəzi xəstələrin gözlənilən yaşama göstəriciləri ilə bağlı məlumatlara malik olduğunu görürük. Əlbəttə, bu tendensiya çox zəifdir və təəssüflə etiraf etmək lazımdır ki. hələ də xəstələrin bir çoxu onkoloqun qəbuluna gəlməmişdən əvvəl onların qohumları ilə söhbət etməli oluruq və bir çox hallarda onların ilk xahişi ondan ibarət olur ki, bu barədə xəstənin özünə məlumat verməyək. Mövcud qanunvericiliyə görə, xəstənin öz xəstəliyi barədə məlumat almaq hüququ var. Əlbəttə, hesab edirəm ki, hüquqi tərəfdən bu məsələyə yanaşdıqca, zamanla bu məsələ də öz həllini tapacaqdır və biz artıq bunun əlamətlərini görürük.

- Azərbaycanda onkoloji səhiyyənin inkişafını necə qiymətləndirirsiniz? Xəstələrin xaricdə müayinə və müalicə olunmağa can atmasının həqiqi əsası varmı?

- Son illər tibbi innovasiyaların səhiyyəmizə sürətli tətbiqi bunu deməyə imkan verir ki, bizdə onkoloji xidmətdə cox mühüm irəliləyişlər var. MDB məkanında onkologiya sahəsində Azərbaycan qədər irəliləyişlər əldə etmiş dövlət çox azdır. Bunu həm kadr hazırlığına, həm də maddi-texniki bazaya aid etmək olar. Bu mənada ən son olaraq 2016-cı ilin aprel ayında Milli Onkoloji Mərkəzdə pozitron-emission tomoqrafiya (PET) müayinə metoduna başlanmasını qeyd edə bilərik ki, bununla da biz dünya standartları uyğun müayinə protokolların artıq respublikamızda da tətbiq edə bilirik. Açıq etiraf etmək lazımdır ki, bəzi innovasiyalarla bağlı zaman-zaman maliyyə problemlərinin olduğunu inkar etmək olmaz. Əlbəttə, dünyamiqyaslı iqtisadi böhran bütün sahələrdə olduğu kimi yüksək maliyyə tələb edən ən son onkoloji müayinə və müalicə metodlarının tətbiqində də özünü göstərir. Xaricdə müayinə və müalicə bağlı onu qeyd etmək istərdim ki, dəfələrlə xaricdə müalicə üçün müraciət etmiş xəstələr, hazır müalicə protokolları ilə bizə müraciət etdikdə eyni müalicə prinsiplərinin bizdə də tələb olunduğunu görərkən, bunu çox müsbət qarşılayırlar və zənnimcə, zamanla bu məsələdə də müsbət dəyişikliklərin olduğunu qeyd edə bilərik. Bəzi yanlış fikirlər tək onkoloji xidmətlə bağlı deyil və bütün səhiyyəmizin problemidir. Misal üçün, qeyd etdiyimiz PET müayinə metodu bahalı bir müayinə metodudur. Amma artıq adıçəkilən müayinənin xaricdəki qiymətinin ölkəmizdəki qiymətə yaxın olması bu müayinə üçün xaricə müraciət edənlərin sayını azaldıb.

- Digər həkim və pasientlərlə nisbətdə onkoloq həkimlərin xəstələrlə münasibəti necə xarakterizə olunur? Fərq varmı?

- Əlbəttə, onkoloji deontologiya çox vacibdir. Təsadüfi deyil ki, xəstəyə “kliyent” yox pasient deyilir. Cəmiyyətimizdə bu mənada olan problemlər fikrimcə, təkcə onkologiya sahəsində deyil, bütün səhiyyədə mövcuddur. Eyni zamanda bu problemlər ikitərəflidir. Bir tərəfdən həkim-onkoloq deontologiyası problemlərini qeyd ediriksə, digər tərəfdən xəstələrin səhiyyə maarifində olan qüsurları qeyd etmək lazımdır. Bu problemləri birtərəfli təhlildən qaçınmaq lazımdır, çünki istənilən birtərəfli mövqe qüsurludur. Xəstə və həkim hüquqları ilə bağlı fikrimcə cəmiyyətimizdə çoxsaylı və kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılan maarifləndirici müzakirələr aparılmalıdır. Məsələn, bəzi xəstə qohumları həkim-onkoloqları xəstənin özünə kifayət qədər açıq məlumat verməkdə günahlandırırlarsa, günümüzdə artıq xəstələr var ki, bunun əksi ilə bağlı onların özünə doğru məlumat verilməməsi ilə bağlı rəsmi orqanlara şikayət edirlər. Və bu hadisələri qarşılıqlı müqayisə etdikdə həkim-onkoloqlar çox çətin vəziyyətdə qalırlar. Belə ki, bir tərəfdən hüquqi əsasları olan xəstənin məlumatlandırılmaması şikayətləri, digər tərəfdən cəmiyyətimizdəki səhiyyə maarifləndirilməsində olan qüsurlar səbəbindən doğru diaqnozunu xəstəyə bildirən həkim-onkoloqlara olan ictimai qınaq...

- Onkoloji xəstəliklərlə bağlı çox qəribə fobiya var. Bunun aradan qaldırılması mümkündürmü? Mümkündürsə necə?

- Onkofobiyaya və ya kanserofobiyaya bütün digər fobiyalar kimi yanaşmaq lazımdır. Real vəziyyəti, bu sahədə olan mühüm müsbət dəyişikləri cəmiyyətə çatdırmaq lazımdır və əminəm ki, sırf reallıq, müayinə, müalicə ilə bağlı məlumatlar cəmiyyətə çatdırıldıqca bu fobiyada yaxşı mənada mühüm dəyişikliklər olacaqdır. Etiraf etmək lazımdır ki, müxtəlif xəstəliklərdən ölüm səbəbləri arasında onkoloji xəstəliklərdən olan ölüm göstəriciləri əksər inkişaf etmiş ölkələrdə ikinci yerdədir. Bu göstərici ildən ilə azalır. Onkoloji xəstələrin yaşama göstəriciləri artır. Bu tendensiya ölkəmizdə də müşahidə edilir. Ümumən və ayrıca onkoloji xəstəliklərdən sağalmış məşhurların iştirakı ilə maarifləndirici proqlamların, reklam çarxlarının rolu danılmazdır və fikrimcə bu sahədə görüləsi çox iş var.

Söhbətləşdi:Amil Tağıyev

DİGƏR XƏBƏRLƏR

Top