Dostoyevski, Orham Pamuk... bir azdan "Uliss"i də atacaqlar qabağımıza...

Azərbaycanlı oxucular arasında yerli müəlliflərin əsərləri ilə yanaşı, əcnəbi yazarların əsərlərini də oxuyanlar kifayət qədərdir. Tərcümə edilmiş xarici əsərləri Azərbaycanın kitab bazarında rahatlıqla tapmaq olur. Əsas problem isə bəzi əsərlərin düzgün tərcümə olunmamasındadır. Mövzunu tanınmış qələm adamları "Yeniavaz.com"a şərh ediblər.

"Dünya ədəbiyyatının elə nümunələri var ki, tərcüməsi hazırlıq və yüksək peşəkarlıq tələb edir"

Cavanşir Yusifli (tənqidçi): "Məsələ hansı əsərlərin tərcüməsinin mənim ürəyimcə olmasında, yaxud olmamasında deyildir. Məsələ bu işin bəzən özfəaliyyət səviyyəsinə enməsində və uzun müddət orada qalmasındadır. Qoy müxtəlif baxışlar olsun, fərqli nüanslar, bəzən çox prinsipial və fərqli baxışlar olsun, ancaq cümlə qurmaq səviyyəsində səhvlərdən ibarət kitablar olmasın. El arasında bir "küçükləmək" feili var. Dünya ədəbiyyatının elə nümunələri var ki, tərcüməsi hazırlıq və yüksək peşəkarlıq tələb edir. İndi o əsərləri tez-tələsik edib deyirlər: bu da bu! Dostoyevski, Orham Pamuk... bir azdan "Uliss"-i də atacaqlar qabağımıza. Türkiyədə bu romanın tərcüməsi nə az, nə çox 40 ilə başa gəlib. İki tərcüməçi yetişib bu müddətdə. İndi baxaq, bizdəki Dostoyevskişünaslar, onun əsərlərini araşdıranlar bu irsi Azərbaycan dilində necə səsləndiriblər? Qulağını maksimum yaxınlaşdırırsan, səs gəlmir. Bizdə bir şey də var. Gör nə vaxtdır latın qrafikasına keçilib. Kitab çapı məsələsində o "konyukturadan" hələ istifadə edilir".

"Ayrı-ayrı normal tərcümələr var, amma bu ümumi mənzərəni dəyişəcək gücdə deyil"

Əsəd Cahangir (tənqidçi): "Bizdə bu gün bədii tərcümə sahəsində keçid dövrüdür. Sovet vaxtı tərcümələr rus dili vasitəsilə edilirdi, bu gün daha çox orijinaldan edilir. Lakin orijinal dilləri, ana dilini və tərcümə sənətinin spesifik incəliklərini bir şəkildə bilən kadrlar olmadığından əldə olunan nəticələr hələ o qədər də ürəkaçan deyil. Olsun ki, ayrı-ayrı normal tərcümələr var, amma bu ümumi mənzərəni dəyişəcək gücdə deyil. Konkret adlara keçmək istəmirəm, çünki ad çəksəm, gərək hamını qeyd edəm, birini deyib, o birini unutmağı düz saymıram. Amma Cavanşir Yusiflinin Patrik Züskinddən çevirdiyi "Əttar" romanının adını çəkəcəm. Çünki çağdaş bədii tərcümə işinin nə səviyyədə olduğunu göstərmək üçün çox səciyyəvi faktdır. Məncə, hər iki cümləsindən biri kobud səhvlərlə dolu olan "Əttar" müstəqillik dövrü bədii təcümə işinin ən uğursuz örnəyidir. Ən uğurlusu haqda isə inşallah, olanda danışarıq".

"Sanki tərcümələri redaktor, korrektor gözdən keçirmir"

Coşqun Eldaroğlu (jurnalist, publisist): "Mən daim mütaliə eləyən adamam. Bu sahə çox bərbad gündədi. Sanki tərcümələri redaktor, korrektor gözdən keçirmir. Ən biabırçı tərcümə hadisəsi kimi Corc Oruellin "Parisdə ve Londonda qara qəpiksiz" əsəri yadımda qalıb. Təsəvvür eləyin, kitabın üzərində əsərin adı kimi "Polkovnikə məktub yoxdur" yazılır, sonda yazıçı Qabriel Qarsiya Markes haqda məlumatda isə "Polkovnikə yazan yoxdur". Söz tapmırsan deməyə. Bunun dərdindən son vaxtlar daha çox rusca oxuyuram".

"Üçüncü dildən tərcümə indi geniş yayılıb, ona da çox bel bağlamaq olmaz"

Nərmin Kamal (yazıçı): "Mən köhnə tərcümələrə, köhnə kadrlara daha çox inanıram. Məsələn, Sovet vaxtı rus nəsri, həmçinin "Kapital" kimi qeyri-nəsr kitabları dilimizə yaxşı tərcümə olunub. Üçüncü dildən tərcümə isə indi geniş yayılıb, ona da çox bel bağlamaq olmaz. Yəni, dünya ədəbiyyatını türk, rus dili vasitəsilə tərcümə etmək, indi müasir tələblərə uyğun gəlmir".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top