Azərbaycanda ticarət mərkəzlərində niyə istirahət günü yoxdur?

"Azərbaycanda ticarət mərkəzlərində obyekt icarəyə götürənlərdən ayın bütün gününün icarə pulu tələb olunur, istirahət hüququ tanınmır". Bu fikirləri "Yeniavaz.com" saytına açıqlamasında "Binə" ticarət mərkəzində çalışan sahibkarlardan biri səsləndirib. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində ticarət mərkəzlərində ay ərzində 2 gün istirahət günü hesab edilir və həmin günlər orada iş olmur: "Çox istəyərdik ki, ölkəmizdə ticarət mərkəzlərində obyekt icarəyə götürüb çalışanlara da belə bir hüquq verilsin. Söhbət ondan gedir ki, biz ayın bütün gününün icarə pulunu ödəməliyik. Məsələn, mən hər gün üçün digər xərclər də daxil 85 manat verirəm. Əgər bir gün obyektimi bağlayıb istirahət edəsi olsam, o zaman 85 manatı öz cibimdən qoymalıyam. Buna görə də mən də daxil əksər ticarətçilər ayın bütün günü iş başında olmaq məcburiyyətindəyik. Halbuki bizə istirahət hüququ verilsəydi, vacib olan işlərimizi həll edər, ailəmizə, istirahətimizə vaxt ayıra bilərdik. Mənim işçim yoxdur, obyekti özüm işlədirəm. İndiki halda səhərin qaranlığında işə gəlib axşamın qaranlığında evə qayıdırıq".

"Binə" rəhbərliyinə müraciətlər oldu, ancaq müsbət cavab verilmədi"

Müsahibimizin sözlərinə görə, bu məsələ təkcə "Binə" və "Sədərək"ə aid olan problem deyil, ölkənin əksər ticarət mərkəzlərində eyni vəziyyətdir: "Bildiyimə görə yeganə olaraq təkcə Cəliliabaddakı bazarda həftənin 1 günü iş olmur, həmin gün işçilər işə gəlmirlər. Fikrimcə, eyni sistem ölkənin bütün bazarlarında tətbiq olunmalıdır. Biz dövlətə vergimizi veririk, sosial ödənişimizi edirik, axı bizim niyə istirahət hüqüqumuz olmasın? İl ərzində cəmi 2 gün - 20 yanvar hüzn günü və Aşura günü iş olmur. Tutaq ki, mən bu gün özümə istirahət hüququ verdim və işə gəlmədim. Amma mən işə gəlməyəndə müştərim başqa yerə gedir, ona görə də bu iş kütləvi şəkildə tənzimlənməlidir, yəni belə olsa, yaxşı olar. Bununla əlaqədar "Binə" rəhbərliyinə müraciətlər oldu, ancaq müsbət cavab verilmədi. Xahiş edərdik ki, icarə haqları məsələsində istirahət günləri də nəzərə alınsın və biz də ayda heç olmasa, ən azı 2 gün istirahət edə bilək".

"Ticarət mərkəzinin rəhbəri işəgötürən deyil"

Bəs bu hüquqi yolla mümkündürmü? Məsələnin hüquqi yönlərini "Yeniavaz"a saytına tanımış hüquqşünas Müzəffər Baxış belə şərh etdi: "Məsələnin mahiyyəti bundan ibarətdir - hansısa ticarət mərkəzinin rəhbəri sahibkarı işəgötürən şəxs deyil ki, onların istirahət hüquqlarını təmin eləsin. İstirahət hüququnu işəgötürən təmin eləyir. Onlar həmin obyektləri sahibkarlara sadəcə olaraq icarəyə verirlər. İcarə müddəti də aylıq ola bilər, 3 aylıq ola bilər, 6 aylıq ola bilər, 1 illik ola bilər. Yəni tərəflərin iradəsindən asılı olaraq obyekt hansısa müddətə icarəyə verilir. Azərbaycan qanunvericiliyinin tələblərinə görə, ildə ən azı 21 təqvim günü ərzində hər bir işçinin istirahət hüququ təmin edilməlidir. İstirahət hüququnun təmin edilməsinin hansısa ticarət mərkəzinin rəhbərliyinə heç bir aidiyyəti yoxdur. Bu, çox əsassız bir tələbdir. Məsələnin mahiyyəti budur ki, həmin sahibkarlar ticarət mərkəzinin rəhbərliyi tərəfindən işə götürülməyib, onunla əmək münasibətində deyil. İstirahət hüququ əmək münasibətində olan şəxslərə aid olan məsələdir. İşəgötürən işçinin istirahət hüququnu təmin etməlidir. Bu sahibkarlar deyirlər ki, icarə müqaviləsi bağlayarkən filan günlər istirahət günü müəyyən edilsin və biz həmin günə görə pul ödəməyək. Bu, əsassız bir tələbdir. İcarə müqaviləsi konkret müddətə bağlanır - aylıq, üç aylıq, bir illik və s. Sahibkarlar özləri öz fəlsəfələri ilə fikirləşirlər ki, filan günlər istirahət günləri olsa, icarə haqqı vermərik. Məntiqli deyil axı, mən obyekti sənə icarəyə vermişəmsə, əmlakın ordadırsa, icarə haqqını müqavilənin şərtlərində göstərilən təqvimə uyğun olaraq ödəməlisən. Mahiyyət ondan ibarətdir ki, ticarət mərkəzinin rəhbəri səni işəgötürən deyil, istəyirsən bütün günü işləmə, amma icarə haqqını verməlisən".

"Belə bir qaydanın tətbiqi heç də ağlabatan iş deyil"

Hüquqşünas Qaçay Şahbazov da ticarət mərkəzi rəhbərlərinin bu işdə məsuliyyətli olmadıqlarını düşünür: "Mən hesab edirəm ki, belə bir qaydanın tətbiqi heç də ağlabatan iş deyil. Kim istəyir işləsin, istəmirsə, işləməsin. Amma hər bir işçi özünə münasib vaxtda istirahətini təmin eləyə bilər. Bu, artıq fərdi formada formalaşan biznesdir. Hansısa ölkədə belə bir imperativ qanun qəbul olunubsa, mən onu deyə bilmərəm ki, ədalətlidir, yoxsa ədalətsizdir. Bilirsinizmi, bu məsələ bir qədər mücərrəddir. Sahibkarlıq obyektlərinin fəaliyyəti yalnız dövlətin qəbul etdiyi qanunlar əsasında tənzimlənir. Sahibkar öz işini özü müəyyənləşdirir. Qanun real həyatın tələbi ilə formalaşan dövlət sənədidir. Hesab edirəm ki, hər bir sahibkar öz işçisinin normal istirahət hüququnu təmin etməlidir. Sahibkarın özünün daxili iş saatına uyğun olaraq bu məsələnin tənzimləməsinə ixtiyarı vardır. Amma ticarət mərkəzi rəhbərindən bunu tələb etməsi real deyil".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top