"Psixoloqlar arasında da intihar riski həmişə var" - Psixoloq Azad İsazadə

Hər nə qədər acınacaqlı olsa da, qulağımız intihar xəbərlərinə alışıb. Əksəriyyətimiz bu xəbərləri yalnız bir anlıq təəccüblə qarşılayırıq. Az qala intiharlar gündəlik eşitdiyimiz xəbərə çevrilib. Mütəxəssislər isə bu prosesin təhlükəli hal olduğunu hesab edirlər.

Psixoloq Dəyanət Rzayevin özünü öldürməsi ətrafında yaranan rezonans fonunda dünən yenə də bir nəfər intihar edib. Hadisə yanvarın 27-də səhər saat 06:00 radələrində Ağsu rayonunun Bico kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Abbasov Kamil Hüseyn oğlu özünü yaşadığı evin həyətindəki yarımçıq tikilidən asaraq intihar edib. Ailə üzvləri onun meyitini səhər saatlarında asılmış vəziyyətdə tapıb.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Ağsu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb. Qeyd edək ki, 2017-ci ilin 27 günündə 51 intihar hadisəsi baş verib.

Ruhsal narahatlığı olan insanların intihara daha çox meyilli olduğunu deyən psixoloq Azad İsazadənin sözlərinə görə, buna səbəb həmin insanların içində yığılıb qalan problemlərin birdən-birə üzə çıxmasıdır:

- İntiharlar birdən-birə bu qədər kütləvi hal almadı. Bu proses 3-4 ildir, bəlkə də daha çox davam edir. Ən pisi də odur ki, günü-gündən bu dalğa çoxalır. Elə gün olmur ki, intihar edən olmasın. İntiharların konkret səbəbini demək isə çətindir. Ümumi ehtimallar sadalamaq çox rahatdır, amma dəqiq səbəb üçün mütləq elmi araşdırmalar aparılmalıdır. Bu gün mən bir psixoloq olaraq müxtəlif səbəblər sadalaya bilərəm, həmçinin siz də bir jurnalist olaraq insanı intihara vadar edən hansısa səbəbi iddia edə bilərsiniz. Amma bunlar bizim subyektiv fikirlərimizdir. Əslində isə kiçicik uğursuzluq belə intihara səbəb ola bilər. Cəmiyyətdəki inamsızlıq, gələcəyini görməmək, arzularına çatmaq imkanlarının məhdud olması insanı özünə qəsdə vadar edən səbəblərdəndir. Cəmiyyətdə aqressiya halları da artıb. Biri-birimizlə ailədə, küçədə sakit danışa bilmirik. Biz hamımız əsəbiyik. Zəif, incə, mübarizə apara bilməyən, aqressiyasını kənara çıxara biməyən insan onu özünə yönəldir və bu intiharla nəticələnir.

- Bəs çıxış yolu var?

- İntiharların bu cür kəskin xarakter almasının qarşısını almaq üçün hər şeydən əvvəl elmi-tədqiqat mərkəzi olmalıdır. Amma çox təəssüflər olsun ki, Azərbaycanda intihar problemini sistemli şəkildə araşdıran, statistikanı ümumiləşdirən bir qurum yoxdur. Şərt deyil ki, bu qurum dövlət qurumu olsun, bu bir mərkəz şəklində və ya başqa bir statusda fəaliyyət göstərə bilər. Bu qurum bir koordinasiya qurumu kimi də çalışa bilər. Əsas odur ki, bu mərkəz yaradılsın və ölkədə baş verən intiharlar sistemli şəkildə öyrənilsin. Burada yaş qrupları, regionlar, səbəblər təsnifləşdirilməli və hadisələr elmi şəkildə öyrənilməlidir. İntiharların səbəbləri fərqli olduğu kimi, formaları da fərqli olur. Problemin qarşısını almaq üçün əvvəla hər yaş qrupu, cins qrupuna uyğun tədbirlər planı hazırlanmalı və tətbiq olunmalıdır. Eyni zamanda, yaxınları depressiyaya düşən insanları mümkün qədər tək başına qoymamalı, onların özlərinə qapanmalarına mane olmalıdır. Birlikdə çıxış yolu axtarıb, onlara məsləhətlər verməli, həyat eşqi yaratmağa çalışmalıdırlar. Bəzən bu cür vasitələrlə insanları intihar fikrindən daşındırmaq olur.

- İntihar formalarına toxundunuz. İntihar edən şəxs özünə necə qəsd edəcəyini əvvəlcədən planlayır, yoxsa ani bir qərar olur?

- Əlbəttə, intihar formalarının seçilməsində də insanın psixoloji durumu mühüm rol oynayır. İntihar formaları isə situasiyalara, dövrlərə uyğun olaraq dəyişir. Özünü öldürmək istəyən insan intihar fikrinə çox az vaxtda düşür. Düşdüyü vəziyyətdən çıxış yolu tapmayanda isə son çarəni özünü öldürməkdə görür. Özünə qəsd barəsində yekun qərara gəldikdə isə bu addımı atmazdan əvvəl intihar formasını düşünməyə başlayır. Əvvəla onu deyim ki, insanın öz canına sui-qəsdi də bir növ "dəb” xarakterlidir. Özünü öldürmək üçün yollar axtaran insan ani olaraq mediadan oxuduğu, seriallarda gördüyü formaları düşünür və həmin vaxt intihar edən insanlar daha çox hansı vasitəyə əl atıbsa, özünə həmin qaydada qəsd edir. Xatırlayırsınızsa, bir vaxtlar intihar edənlərin əksəriyyəti "Koroğlu” metrostansiyasının yaxınlığındakı körpüyə çıxırdılar. Ondan əvvəl də özünü atmaq istəyənlər Qız Qalasına çıxırdılar. Bir ara üzərinə benzin töküb yandırmaq "moda minmişdi”.

- Psixoloq Dəyanət Rzayevin intihar etməsi 2 gündür ki, mətbuatın, sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevirilib. Sanki cəmiyyətdə bir ruh düşkünlüyü yaranıb ki, psixoloqlar da intihar edirsə, vəziyyət gərgindir.

- Psixoloqlar da insandır. Biz bu faktı heç vaxt unutmamalıyıq. Biz də hamı kimi bu cəmiyyətdə yaşayırıq və mövcud olan bütün problemlər bizə də təsir edir. Sözsüz ki, psixoloji gərginliyi olan insanlara kömək edən peşəkarlar öz problemlərinin həllinə nail olmalı və özlərini düşdükləri durumdan xilas etməlidir. Amma bir mühüm məsələ var ki, biz psixoloqlar, psixoterapevtlər daim mənfi emosiyalarla yüklənirik. Hətta bəzən bu emosiyalar o qədər yığılır ki, insanı dözülməz hala salır. Biz də hamı kimi ətdən-sümükdənik. Bəzən elə olur ki, öz işindən, peşəndən, fəaliyyətindən, sadəcə, bezirsən. Bəzən də psixoloqlar o qədər tükənir ki, pasiyentlərinin dərdinə qulaq asmağa belə halı qalmır. Bu təhlükə bizdə "yorulma, tükənmə” sindromu adlanır. Ancaq dediklərim konkret Dəyanət Rzayev ilə bağlı deyil. Onun ölümünə konkret nəyin səbəb olduğunu deyə bilmərəm. Görünür, yığılmış problemləri varmış. Sadəcə demək istəyirəm ki, psixoloqların arasında da intihar riski həmişə var.

- Belə bir iddialar var ki, Dəyanət Rzayevin intiharı onun xəstələrinin də psixoloji durumuna mənfi təsir edəcək.

- Sözsüz ki, edəcək. Ölümündən bir gün, bir həftə əvvəl ona müraciət edən, yaxud da bütün ümidlərini ona bağlayıb qəbuluna yazılan, yazılmaq istəyən insanlar olmamış deyil. Hətta onun ölümü müalicə kursunu bitirib, mərhum psixoloqun sayəsində ruhən özünü sağlam hiss edən insanlara da pis təsir edəcək. Fikir verin, hansısa bir həkim dünyasını dəyişəndə onun pasiyentləri müəyyən bir narahatlıq keçirir. Halbuki, kardioloq ürək xəstəliyindən, onkoloq isə onkoloji xəstəlikdən ölə bilməz deyə bir şey yoxdur. Həyatda heç kəs, heç nədən sığortalanmayıb.Sher.az

DİGƏR XƏBƏRLƏR

Top