"Azərbaycanda oğlan uşaqlarının yetişdirilməsində problem var" - Uroloq

Dövlət Statistika Komitəsi ötən il qeydə alınmış boşanmaların sayını açıqlayıb. Belə ki, qeydiyyat şöbələri tərəfindən 2016-cı ilin 11 ayı ərzində 60,8 min nikah və 12,0 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub. Ekspertlər boşanmaya səbəb kimi maddi-mənəvi faktorların olduğunu qeyd etsələr də, ancaq psixoloji, genetik, cinsi problemlərin olması da qaçılmazdır. Mövzu ilə bağlı tanınmış ekspertlərin fikrini öyrəndik.

"Boşanmaların sayında artım olduğu doğrudur, burada cinsi zəiflik, yaxud daha doğru ifadə etsək, kafi cinsi əlaqədə olmamanın da rolu vardır". Bunu tanınmış uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl dedi. Onun sözlərinə görə, bu klassik mənada anlaşılan cinsi zəiflik deyil, daha çox istəksizlikdir: "Məncə, Azərbaycanda oğlan uşaqlarının yetişdirilməsində problem var. Düşünülənin əksinə, qız uşaqları daha ağıllı davranırlar. Mənim praktikamda sadəcə bir dəfə vaginismus (orqanik quruluşla bağlı problem) səbəbilə boşanma görülmüşdü. Orada da qız tərəfi peşəkar psixoloqa müraciət etmiş, vaginismus problemi həll edilmiş, oğlan özü istəksizlik göstərdiyi üçün ailə dağılmışdı".

"Ailə qurarkən tərəflərə tibbi müayinələrlə bağlı psixoloji dəstək göstərilməlidir"

Psixoloq Elnur Rüstəmov isə boşanma səbəbləri kimi psixoloji faktorlardan dolayı stress, depressiya və bir başqa psixoloji narahatlıqlar və genetik faktoru qeyd etdi: "Belə problemlər dövrlə bağlıdır. Epoxanın özünün yaratmış olduğu psixoloji gərginlik ailədaxili konfiliktliklərə, boşanmalara səbəb olur. Statistikaya baxsanız görərsiniz ki, boşananların bir qismi yeni ailə quran cütlüklər deyil. 15-20 faizi illərin ailəsidir. Boşanma səviyyəsinə gətirib çıxaran faktorlara baxanda bir çox şeylər ortaya çıxacaq. Biz ailələrlə iş prosesində rast gəlirik ki, informasiya texnologiyaları ailədaxili konfliktlərə ciddi təsir göstərir. Biz bura mobil telefonları və digər internet resurslarını daxil edə bilərik. Ailə daxilində müəyyən tərəflərin bir-birlərindən soyuması, gərginliyin artması, üçüncü şəxsin ortaya girməsi və s. nüanslar boşanma kimi problemlərə yol açır. Statistikanın özündən də göründüyü kimi, bu, əslində balaca rəqəm deyil. Nəzərə almaq lazımdır ki, söhbət Azərbaycan cəmiyyətindən, Azərbaycan ailəsindən gedir. Hansıki bu ailələr həmişə dayanıqlı olub, boşanmalar olmayıb. Bura şübhəsiz ki, gender məsələlərini də daxil edə bilərik. Qadın, kişi hüquqlarının bərabərliyinin olması, yəni işləyən xanımların çox olması, karyera qurmaq istəyən xanımlarımızın olması bütün bunlar boşanma hallarının artmasına təsir göstərir. Burada hər bir detal diqqətdən kənar qalmamalıdır. Qaldığı təqdirdə natamam formada olur. Problemin kökü həll edilməmiş qalır. Düşünürəm ki, bununla bağlı sosial-psixoloji araşdırmalar aparılmalıdır. Boşanma ilə bağlı prosedurları dərinləşdirmək lazımdır. Ailə qurarkən tərəflərə tibbi müayinələrlə bağlı psixoloji dəstək göstərilməlidir".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top