Əgər psixoloq intihar edirsə...

Səhər işə gələndə 6 nömrəli marşrutda bir bəy anidən yerə sərildi. Az qala başı ayaqlarıma söykənəcək qədər yaxın məsafədə idi. Özümü itirdim. Kömək edə bilmədiyim üçün lənətləyirdim özümü. Mən heç vaxt yas, hüzr məclislərinə getməmişəm, bu eqoizmlə əlaqədar deyil, mənim həssas olmağımla bağlıdır. Uşaq vaxtı kəndimizdə adam öləndə, cənazəni kəndin kişiləri qəbristanlığa apararkən uşaqlar qaçıb tamaşa edərdilər. Həm də, cənazə çiyində olanda surələr oxuya-oxuya gedirdilər. Mən nəinki baxırdım, hətta qulaqlarımı əllərimlə tuturdum ki, eşitməyim. Səhər avtobusda bir bəyin bir andaca yerə sərilməsini düşünmək məni insafsızcasına məhv edir. İşə gəldim və "facebook"u açıb tanınmış psixoloq Dəyanət Rzayevin intihar xəbərini gördüm. Səhər gördüklərim və psixoloqun intiharı... Dinimizdə intihar günah sayılır. İntihar "boğazı kəsmək" ifadəsindən bir az da uzaqlaşaraq, daha doğrusu, öz əhatəsini genişləndirərək "cana qəsd" kimi narahatedici bir məna verir.

İntihar hadisələri hər zaman olub, bu bir qitədə, bir ölkədə yox, dünya ölkələrinin hamısında olur. Məsələn, intiharlar barədə oxuduqlarımdan belə nümunələr göstərə bilərəm - Cek London, Edqar Allan Po, Ernest Heminquey, Sergey Yeseninin, Van Qoq və s. dünyaca məşhur insanlar da intihar etmişlər. Dünyada maraqlı intihar edənlər arasında bəlkədə Stefan Sveyq durur. Yazıçı cəmiyyətdə baş verən problemlərdən cana yığılıb öz arvadı ilə birlikdə intihar edib. Məşhur türk şairi İlham Çiçek "bir insanın qəlbi vardırsa, hüznü olmalıdır" sözlərini özü üçün həmişə əsaslı saymış, bütün yaradıcılığı boyu hüzn yalnız insan üçündür, bu hüzndən insan qurtula bilməz. Həyat başdan-başa boşluqlardan ibarətdir" deyə düşünmüş və 29 yaşında özünü ataraq intihar etmişdir.

Bizim məmləkətdədə yetərincə inihar hadisəsi olub, olur. Mən 11-ci sinifdə oxuyanda bir kəndçimizin inihar etməsi xəbəri bütün kəndi kədərə bürüdü. Sonra işlədiyi şirkətdə kamera görüntülərindən başqa məqamlar ortaya çıxdı. Məlum oldu ki, həmin şəxs intihar etməyib, onu öz yaxın adamları asıblar. Hər baş verən intihar hadisəsinə monoton düşüncə ilə yanaşmaq lazım deyil. Bizə məlum olmayan səbəbləri də ola bilər. Ancaq həqiqətən bir insan intihar edibsə, mənə görə həmin şəxslər birmənalı şəkildə özünü düşünən insanlardır. Əgər bir insanın yetərincə problemi varsa, o inihar edirsə, bu, çıxış yolu deyil. Problem ondan sonrada qalacaq. Məsələnin digər bir tərəfi intihar edənin öz yaxınları və digər insanlarda yaratmış olduğu psixoloji sarsıntılardır. Bu gün ətrafımızda bir insan intihar edirsə, illərlə o bizim gözümüzün önündən getmir. Səsi qulağımızda eşidilir. Hər dəfə insan mənəvi əziyyət çəkir.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top