"Bəhruz Kəngərli bizə bunları unutmamağı vəsiyyət etmişdi"

Tanınmış fırça ustası Bəhruz Kəngərlinin (1892-1922) anadan olmasında 125 il ötür. Cəmi 30 il ömür sürmüş, hələ körpəlikdə doğma anasını itirmiş, 9 yaşından isə qulaqları tutulmuş və səsə həsrət qalmış, bütün bunlara rəğmən, Zaqafqaziyadakı yeganə rəssamlıq məktəbini bitirmiş gənc rəssam təhsilsonrası davam edən cəmi 7 illik yaradıcılığı ilə adını təsviri sənətimizin tarixinə qızıl hərflərlə yazdıra bilib.

Bəhruz Kəngərlinin ömür yolunu təzadlarla dolu nağıla bənzədən Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin sözlərinə görə, məşhur Kəngərlilər nəslinin nümayəndəsi olan Bəhruz bəy zamanında təkbaşına bütöv bir yaradıcı nəslin görə biləcəyi işləri həyata keçirib: "Bəhruz Kəngərli 1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirən azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaradıb. Onu da deyim ki, onun "Qaçqınlar" silsiləsini otuza qədər ("Qaçqınlar", "Qaçqın qız", "Qaçqın oğlan", "Qaçqın qadın", "Yurdsuz ailə", "Qaçqın Gümşün", "Ayaqyalın qaçqın oğlan" və s. ) sulu boya ilə çəkilmiş əsər təşkil edir. Unutqanlığımızla bələnmiş həmin rəsmləri əsrlərin qovşağında çəkilmiş ürəkağrıdan kino kadrları, foto şəkillərlə tutuşdursaq, kifayət qədər oxşar cəhətlər taparıq. Yəni onun bu əsərləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. Əminik ki, rəssam Canfəda, Afşar və digər kəndlərdən, bölgələrdən olan qaçqınların tükürpədici zahiri görkəmini, gözlərindəki ümidsizlik notlarını əbədiləşdirməklə sanki bizə bunları unutmamağı vəsiyyət etmişdi".

Ziyadxan müəllim daha sonra dedi: "Onun cəmi yeddi il davam edən yaradıcılığı kifayət qədər zəngin olub. Bəhruz bəyin bu müddətdə 2 minə yaxın rəngkarlıq, qrafika və teatr-dekorasiya nümunələri yaradıldığı bildirilsə də, bizim dövrə onların 500-ə qədər gəlib çatıb. Onun yaradıcılığı janr əlvanlığı ilə də seçilir. Bununla belə onun bizə yadigar qoyub getdiyi bədii irsdə portret (Onu da qeyd edək ki, Bəhruz Kəngərli Azərbaycan rəssamlığında professional, ali təhsil görmüş ilk rəssam olması ilə yanaşı, həmçinin də ilk portretçi rəssamdır) və mənzərələr çoxluq təşkil edir. Hələ tələbə ikən Naxçıvanda ilk fərdi sərgisini təşkil edən (1914) rəssam insanların məhz həmin janrlara olan marağını hiss edib. Bunu nəzərə alan rəssamın təhsilsonrası əhali arasında yaydığı "Naxçıvan yadigarı" albomunda da mənzərələr və portretlər əsas yer tutub. Mənzərə və portretlərə nisbətən rəssamın bizim dövrə gəlib çatmış natürmortları çox azdır. Onun tələbəlik illərini əhatə edə biləcək natürmortları bizim dövrə gəlib çıxmayıb. Yaradıcılığının Naxçıvanda baş tutan yeddi illik dövründən də cəmi beş natürmort ("Qızıl güllər", "Mavi rəngli dolça", "Çıraq", "Naxışlı mis cam", "Mürəkkəb qabı") yadigar qalıb. Bu əsərlərdə rəssamın onu əhatələyən maddi- mədəniyyət nümunələrinə xas olan tarixiliyi, gül-çiçəklərin daşıdığı gözəllik qaynaqlarını üzə çıxarmaq, estetik qaynağa çevirmək istəyi qabarıqdır. Rəssamın yaradıcılığında teatr-dekorasiya sənəti ilə bağlı gördüyü işlər də xüsusi yer tutub. Belə ki, Azərbaycanda bu sənətin davamlı şəkildə təşəkkülü səhnə tərtibatı sahəsində də istedadını sərgiləyən Bəhruz bəy Kəngərlinin adı ilə bağlıdır. 1912-ci ildən etibarən Naxçıvan teatrında rəssam kimi fəaliyyətə başlayan rəssam bu sahədə böyük xidmət göstərib, tamaşalara ("Ölülər","Pəri-cadu", "Dağılan tifaq", "Arşın mal alan", "Müsibəti Fəxrəddin", "Nadanlıq" və s.) milli koloritdə zəngin səhnə tərtibatı verib".

Qeyd edək ki, ölkəmizin müstəqillik qazanmasından sonra Bəhruz Kəngərliyə, sözün həqiqi mənasında, layiqli qiymət verilib. Rəssamın doğma yurddakı məzarının abadlaşdırılması və burada memorial abidənin ucaldılması (müəllifi xalq rəssamı Hüseynqulu Əliyev), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun "Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında" 2001-ci il 15 fevral tarixli sərəncamına əsasən Bəhruz Kəngərli Muzeyinin yaradılması və 18 iyun 2002-ci il tarixdə ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılışının baş tutması, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonuna Bəhruz Kəngərlinin adının verilməsi, 2012-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalaması, 2016-cı ildə isə şəhərdə sənətkarın adını daşıyan Rəssamlar Parkının salınması və tunc heykəlinin (müəlifi Rahib Qarayv) qoyulması, haqqında albomların nəşr olunması da dediklərimizi təsdiqləyir.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top