Rusiya “Türk axını"ndan hər il 750 milyon dollar qazanacaq

Rusiya Dövlət Duması “Türk axını” qaz kəməri layihəsi üzrə Rusiya və Türkiyə arasında sazişi ratifikasiya edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, müəlliflər sənədə əlavə olaraq izahlı məktubda qeyd edirlər ki, Rusiya və Türkiyə daha əvvəl əldə edilmiş sazişin şərtlərinə əsasən hər iki dövlətin müstəsna iqtisadi zonalarında və qitə şelflərində aparılan işlərə vergi tətbiq etməyəcək. Bundan başqa, qaz kəmərinin dəniz sahəsinin tikintisinə cavabdeh olacaq şirkətlər “Türk axını” layihəsinin reallaşdırılması üçün əldə edilmiş əmlaka görə əmlak vergisindən azad ediləcək. Tərəflər, həmçinin Qara dənizdə tərəf dövlətlərin müstəsna iqtisadi zonalarında və qitə şelflərində layihənin həyata keçirilməsi üçün daşınan material-texniki təyinatlı istənilən predmetlərə, borulara, nəqliyyat və texniki vasitələrə (gəmilər də daxil olmaqla) qarşı ödənişlər, vergilər, gömrük rüsumları tətbiq etməyəcəklər. Qeyd edək ki, qaz kəmərinin tikintisi tranzit risklərini azaltmağa və mavi yanacağı 2019-cu ildən sonra Türkiyə və Aİ ölkələrinə təhlükəsiz tədarük etməyə imkan verəcək. Qaz nəqli sisteminin ilk xətti işə salındıqdan sonra Rusiya büdcəsinə hər il təqribən 750 milyon dollar həcmində ixrac rüsumları daxil olacaq.

DİGƏR XƏBƏRLƏR

Top