Bir sıra dünya ölkələrində əsas turizm mövsümü kimi yay fəsli qəbul edilir, lakin qış fəslində də dincəlmək istəyənlər kifayət qədərdir. Elə bir vaxtlar Azərbaycan vətəndaşları da qışda dincəlmək üçün Türkiyə, Gürcüstan və Rusiya kimi qonşu ölkələrə üz tuturdular. Ancaq artıq Azərbaycanda da qış turizmi sahəsində fəaliyyət göstərən nəhəng komplekslər var. Lakin turizm kompleksləri müştəri azlığından, insanlar isə bahalı qiymətlərdən şikayətlənir. Mövzu ilə bağlı ekspertlərin fikrini öyrəndik.
“Azərbaycanda daha çox beş ulduzlu və qiyməti baha otellər fəaliyyət göstərir”
İqtisadçı ekspert Nazim Bəydəmirlinin sözlərinə görə, turizmin inkişafı üçün, həmçinin daha çox xarici turistlərin Azərbaycana gəlməsi üçün regional vəziyyət stabil olmalıdır: “Turist hər hansı ölkəyə getmək istəyirsə gedəcəyi ölkə haqqında araşdırmalar edir, ölkə haqqında internetdən məlumat alır. Bizim regionumuzda hər an müharibə qorxusu olduğunu eləcə də Ermənistan-Azərbaycan münaqişəsi haqqında dünya mətbuatından bilirlər, məlumatlıdırlar. Belə olan halda münaqişə həll olunmamış bu bölgəyə çoxlu turistlərin gələcəyini düşünmək doğru sayılmaz”. Ekspertin sözlərinə görə, ucuz və böyük turist axınına hesablanmalı olan layihələrin hazırlanmasına çox böyük zərurət var: “Tutaq ki, beş ulduzlu, dörd ulduzlu otellər yox, sadə turistlər üçün hesablanmış ulduzu olmayan şəbəkələr daha çox olmalıdır. Təəssüf ki, Azərbaycanda daha çox beş ulduzlu və qiyməti baha otellər fəaliyyət göstərir. Əlbəttə dünya miqyasında görünmək üçün prestij baxımından bahalı və müasir standartlara cavab verən otellər də lazımdır. Statistika göstərir ki, əsas turist axını o ölkələrə olur ki, daha ucuz və infrastruktur baxımdan əhəmiyyətli, eyni zamanda qiymətləri ucuz olan yerlərə çox üstünlük verilir. Bundan başqa yerli turistləri cəlb etmək üçün turizm obyektləri keyfiyyətli olmalı və əhalinin vəziyyəti normal olmalıdır. Bizim vətəndaşlar niyə qonşu ölkələrə üstünlük verirlər? Hətta monitorinqlər göstərir ki, bir milyon yarım Azərbaycan vətəndaşı Gürcüstana istrahət məqsədi ilə gedib və yaxud digər belə ölkələrə. Bunu müqayisə etdikdə görünür ki, bizə gələn turistlərlə, xaricə gedən turistlər arasında fərqlər çox qabarıqdır”.
N. Bəydəmirli qiymətlərin yerli və xarici turistlər üçün müəyyən fərqlərin olmasına da fikir bildirdi. Onun sözlərinə görə xidmətlərdə qiymət fərqinin olması doğru deyil və bu diskomfort yaradır: “Müxtəlif qiymətlərin olmasını heç bir halda doğru hesab eləmirəm. Fərqli qiymətlər həmişə problemlər və keyfiyyətin aşağı salınmasına şərait yaradıb”.
“Turizm şirkətləri ancaq iki-üç ay işləyir”
“Azərbaycanda fasiləsiz turizm prinsipi inkişaf etdirilməlidir, yəni otellər fasiləsiz turizm prinsipinə keçməlidir”. Bu sözləri qəzetimizə açıqlamasında iqtisadçı alim Vüqar Bayramov bildirdi.
Ekspert V. Bayramov qiymətlərin fərqli olması məsələsinə də münasibət bildirdi: “Hesab edirəm ki, qiymətlər fərqli olmamalıdır. Ən yaxşı hal qiymətlərin aşağı salınmasıdır. Qiymətlər endirilməlidir ki, həm yerli, həm xarici turistlər üçün cəlbedici olsun. Nəzərə alsaq ki, Avropa ölkələrində daxili turizm, ümümi turizm gəlirlərinin təxminən 80 faizini təşkil edir. Bir də onu qeyd edim ki, Avropa ölkələri xaricdən gələn turistlərdən daha çox yerli turistlərdən gəlir əldə edirlər, yerli turizm hesabına gəlirlərini artırırlar. Azərbaycanda da yerli və daxili turizmin dəstəklənməsinə ehtiyac var. Daxili turizmin dəstəklənməsi hesabına xüsusən də qış turizminə daha çox turistlərin cəlb edilməsinə nail olunması mümkündür. Təhlillər göstərir ki, qış turizminin hələ də inkişaf etməməsinin səbəbi iş adamlarının qış turizm mərkəzlərini yaratmaqda maraqlı olmamasıdır. Turizm şirkətləri ancaq iki-üç ay işləyir. Sahibkarlar ilboyu büdcə xərclərinin hamısını bir fəslin - yayın üzərinə salırlar. Elə qiymətlərin yüksəkliyinin bir səbəbi də bundan qaynaqlanır. Qiymətlərin tənzimlənməsi və uyğun tətbiq edilməsinə təşəbbüs göstərilməlidir. Qiymətləri həm yerli, həm də xarici turistlər üçün uyğunlaşdırılmalıdır. Turizm qiyməti turistin, vətəndaşın alıcılıq qabliyyətinə, eləcə də vətəndaşın ödəmə qabliyyətinə uyğun olmalıdır”.
“Turistlərin təhlükəsizliyi üçün təlimlərin keçirilməsinə ehtiyac var”
V. Bayramovun sözlərinə görə, turist qəbul edən şirkətlər turistlərin təhlükəsizliyini təmin etməlidir: “Xüsusən də dağ turizmində olduqca təhlükəsizlik qaydaları tətbiq olunmalıdır. Şirkətlər tərəfindən həm xidmətlərin, həm qiymətlərin, ən əsası da təhlükəsizlik qaydalarının gözlənilməsi ilə bağlı təlimlərin keçirilməsi vacibdir. Apardığımız monitorinqlər göstərir ki, bu gün turizm keyfiyyəti ilə bağlı o cümlədən təhlükəsizliyin gözlənilməsi ilə bağlı turizm şirkətlərində tam olaraq qaydaların gözləndiyini söyləmək mümkün deyil. Ona görə də, güman edirəm ki, bu standartların tətbiq edilməsinə şirkətlər diqqət ayırmalıdır, keyfiyyət standartlarına daha çox əməl etməlidirlər ki, yerli turistləri cəlb edə bilsinlər. Dövlət tərəfindən də turizmin dəstəklənməsi vacibdir. Çünki Mərkəzi və Şərqi Avropa ölkələrinin praktikası göstərir ki, turizmin inkişafı yalnız şirkətlər səviyyəsində inkişaf etdirilməsi mümkün deyil. Turizmin inkişafı ilə bağlı sənəddə qeyd edilir ki, vergi güzəştlərinin tətbiq edilməsi, subsidiyaların verilməsi, aşağı faizli kreditlərin verilməsi məqsədəuyğundur. Qeyd etdiyimiz kimi həm şirkətlər effektli çalışsalar, həm dövlət dəstəyi olarsa qış turizmini Azərbaycan Respublikasında da inkişaf etdirmək olar”.
Ruzbeh Məmməd