"İnkişafı, firavan həyatı arzulamaq çox azdır, arxasında hərəkət yoxdursa..."

"İnkişafı, firavan həyatı arzulamaq çox azdır. Arzunun arxasında hərəkət yoxdursa, elə inkişaf da arzu olaraq qalacaq. Arzunun arxasında gerçək planlar, düşünülmüş və əsaslandırılmış əməllər varsa, bu artıq dəqiq müəyyən edilmiş hədəfdir". Yeniavaz.com saytının məlumatına görə, bunu iqtisadçı Rövşən Ağayev bildirib.

R. Ağayev: "Sadə bir həqiqəti hər kəs bilir - "qüdrətli sahibkar"ın yerini "qüdrətli hökumət"in tutduğu coğrafiyada iqtisadi inkişaf heç vaxt olmayacaq. Gerçək inkişafdan söhbət gedirsə, güclü potensialı və azadlığı olan biznesin alternativi yoxdur. Hər kəsin bildiyi bu gerçəkləri təkrarlamağın bir səbəbi var: qrupumuz bölgə inkişafında klasterlərin rolu ilə bağlı araşdırma aparır. Dünya təcrübəsinə baxırıq: müasir dünyada tədqiqat və inkişafa (R&D- Research & Development) nəhəng resurslar ayırmağa xəsislik edən heç bir ölkədə nə inkişaf etmiş biznes var, nə də firavan həyat. Ən vacibi, bu ölkələrdə R&D xərclərinin 50%-dən 80%-nə qədərini biznes özü qarşılayır, yerdə qalan hissəsini dövlət və universitetlər. Niyə? Çünki azad biznesin inkişafı üçün zamanında hökumətlər hər cür fürsətlər tanıyıblar və vaxt keçdikcə inkişafın mühərrikinə çevrilən sahibkarlar nəhəng resurslara sahib olublar. İndi də səxavətlə tədqiqatlara və elmə - son nəticədə inkişafa böyük sərmayələr yatırırlar.

Hazırda dünyanın inkişaf etmiş hissəsində biznesin R&D xərclərinin ÜDM-də payı 1.5-3% intervalında dəyişir.

Bəs bizim durumumuz necədir? Ən son məlumata görə biznesin "R&D" xərcləri 6 mln. manatdan da azdır (4 mln. USD-yə belə çatmır). Bu rəqəmin ÜDM-də payı 0.008% təşkil edir. İnkişafın reseptlərini, inkişafsızlğın səbəblərini dəqiq müəyyən etmək lazımdır.

Yanlış diaqnostikanın fəsadları ya ölüm, ya da əlillikdir",-deyə qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top