Son günlərdə intihar hadisələrinin artması: iqtisadi yoxsa psixoloji problemdir?

2017-ci ilin ilk günündən bugünə qədər intihar edənlər və intihara cəhd edənlərin sayı doğurdanda qorxuducudur. Demək olar ki, günaşırı mətbuatdan intihar xəbərləri eşidirik. Bu ilin əvvəlində xəbər saytlarının birində iqtisadçı ekspert Samir Əliyev 2017-ci illə bağlı proqnozlarını bildirmişdi. Ekspert ölkədə olan iqtisadi vəziyyətin ümumilikdə bir çox şeyə təsir etdiyi haqda danışmışdı. Bunlardan biri də intihar hadisələrinin artması idi.

"Əgər imkanı yoxdursa, borclunun borcu silinməlidir"

Mövzu ilə bağlı fikirlərini öyrənmək üçün hüquqşünas və bank üzrə mütəxəssis Əkrəm Həsənovla əlaqə saxladıq. "Yeniavaz.com"a danışan Ə.Həsənov bildirdi ki, prinsipcə bu il intihar hallarının artma ehtimalı çoxdur: "Niyə? Əsasən ona görə ki, insanların banklara, kredit təşkilatlarına, dükanlara, lombardlara və s. olan borcları qaytarılmır. Həm də ölkədə iqtisadi vəziyyət gündən-günə pisləşir. Yəni, o borcu verənlərin də vəziyyəti pisləşir. Onlar borcu geri almaq əzmilə azqınlaşırlar. Özləri də aqressiv olurlar və kollektor şirkətlərinə müraciət edirlər. Bütün bunlar borclulara qarşı təzyiqi artırır. Zənglər, qorxutma, hədələmə, artıq döymə halları da var, bunlar da təsir edir. Bu psixoloji təsir gücləndikcə çox təəssüf ki, vətəndaşların intihar haqqında fikirləri əmələ gəlir. Son günlərdə, intihar hadisələrinin sayı da artıb".

Bu vəziyyətdən çıxış yolu haqda da danışan bank üzrə mütəxəssisin sözlərinə görə, borcun qaytarılmasının qanunsuz yollarının qarşısı alınmalıdır: "Kiminsə borcu varsa, ona təzyiq göstərilməsi, hədələnməsi, alçaldılması, bu haqda onun qohumlarına, iş yerinə zənglərin edilməsinin qarşısı alınmalıdır və belə hallara yol verənlərə qarşı dövlət tədbir görməlidir. Çünki, borcun qaytarılmasını tələb etməyin bir yolu var, o da məhkəməyə müraciət etmək. Kimsə kiməsə borc veribsə, borcu qaytarılmasa haqqı var ki məhkəməyə müraciət etsin. Məhkəmə əgər onun xeyrinə qərar çıxarsa, yenə də borclunun maddi imkanı varsa borcu qaytarır. Əgər imkanı yoxdursa, yox, o borc silinməlidir, əslində. Təəssüf ki, bu sahədə bizim qanunvericiliyimizdə boşluq var. İstənilən halda borcunu qaytara bilməyən adam bilməlidir ki, ona qarşı heçnə edilə bilməz".

İntihar hallarının son vaxtlarda artmasının pis statistika olmasını bildirən ekspert, bütün borclu insanlar intihar etmədiyini də bildirdi: "İntihar halları nə qədər çox olsa da borcluların sayı daha çoxdur. Yəni, alçaldılmış, təhqir olunmuş borcluların sayı çoxdur. Yalnız ən zəifləri intihara əl atır. Başqaları başqa yollara əl ata bilər. Özünə yox başqasına zərər verə bilər, hətta öldürə bilər. Oğurluq, quldurluq edə bilər. Hətta dövlətə xəyanət edə bilər. Hansısa xarici qüvvələrin, dövlətlərin, təşkilatların əl altısına çevrilə bilər. qısası bu ümumilikdə cəmiyyət üçün təhlükədir, hamımızın problemidir. Hesab edirəm ki, burada dövlətin üzərinə böyük məsuliyyət düşür".

"İntihar hadisələri mətbuatda verildikcə daha da artır"

Son günlərdə intihar hallarının artması və bunun səbəbləri haqqında psixoloq Elnur Rüstəmov isə saytımıza açıqlamasında bildirdi ki, intihar statistikası doğrudan da çoxdur. Psixoloqun sözlərinə görə, bunun səbəbləri müxtəlifdir: "Burada insanların sosial vəziyyətləri də səbəblərdən biridir. İntihar qlobal problemdir. Dünənə qədər intihar göstəricilərində inkişaf etmiş Avropa ölkələri birinci yerdə gedirdi. Konkret olaraq şimali Avropa ölkələri. Hansı ki, həmin ölkələrdə həyat şəraiti yüksək olan yerlərdir, iqtisadi durum da yaxşıdır. İnsanların ifrat informasiya ilə yüklənməsi, internet texnologiyalarının artması nəticədə insanların komforta düşgün olmasına gətirib çıxarır. Bu gün insan evdə internet olmayanda daha çox darıxır, nəinki çörək olmayanda. Bundan əlavə bəzən görürsən ki, 300 manat məvacib alanlar 1000 manatlıq mobil telefon alırlar. İnsanlar komforta qaçır. Ona qalsa əvvəllər daha çox problem var idi, amma intihar hadisəsi az olurdu. Məsələn, qayıdaq 30 il əvvələ, əldə pul var idi, amma avtomobil ala bilmirdin, növbəyə dayanmalısan. Ev almaq üçün növbəyə dayanmalı idin. Bu gün belə problem yoxdur gedib ala bilərsən. Ancaq biz bu gün yatanda da, səhər duranda da əlimizdə telefon olur. Bizim ifrat informasiya ilə yüklənməyimiz problem yaradır. Bunun nəticəsində də problemlər yaranır - depresiya. İnsan birdən-birə intihar eləmir. Özünə qapanır, ətrafdan təcrid olunur, insanlarla ünsiyyəti pozulur".

İntiharın əsas səbəblərindən birinin ailədaxili problemlərin olduğunu deyən psixoloq, boşanmaların sayının artmasına diqqət çəkdi. Bildirdi ki, statsitika göstərir ki, son aylarda çox ailə dağılıb: "Nə qədər ailədaxili konfliktlər artıb, nə qədər ailədə övlada münasibətdə problemlər var. Zərərli vərdişlərdən biri də internetdən asılılıqdır. Telefonundan uzaq duranda narahat olan insanlar, ailələrindən uzaq duranda veclərinə olmur. Ailələr, doğmalar arasına münasibət pozulub. Ailə fərdləri hal-əhval tutmurlar bir-biriləri ilə. Doğmalar bir-birilərini axtarmırlar, maraqlanmırlar. Getdikcə problemlər dərinləşir. İntihar hadisələri mətbuatda verildikcə daha da artır. Ona görə mən düşünürəm ki, psixi sağlamlığın və təhlükəsizliyin qeydinə qalmaq lazımdır. Əlbətdə insanların banklara borcunun olması da intihara gətirib çıxaran səbəblərdən biridir. Amma təkcə ona bağlasaq, əsas hədəfdən yayınmış olacağıq. Məsələn, intihar edənlərin arasında maddi imkanı yaxşı olanlarda var, amma ailədaxili problemləri var. Statsitikaya baxanda görürsən ki, adam var heç bir probleminin olmadığı görünür. Amma ailədaxili problemlərin nəticəsində həyatına son verir. Bundan əlavə insanların tez-tez iş dəyişməsi də problemlərə gətirib çıxaran səbəblərdən biridir. Əvvəllər insanlar 15 il bir yerdə işləyirdilər. İndi ildə 3 yerdə işləyəndə hər yerdə müxtəlif kollektivlər görülür. Bu gün hər şey var, heç nə yoxdur. İnsanın sabaha sığortası yoxdur".

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top