
Benində hərbi qrupun hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin yerli media qurumlarından olan “24 Heures au” xəbər portalı məlumat yayıb.
Məlumata görə, çevriliş cəhdi Milli Qvardiya bölmələri tərəfindən zərərsizləşdirilib. Üsyançılar saxlanılıb və ölkədə konstitusiya quruluşu tam şəkildə bərpa edilib.
Hadisə üsyançıların səhər saatlarında Benin Yayım Korporasiyasının binasına daxil olaraq efirə çıxması zamanı baş verib. Onlar dövlət çevrilişinə nail olduqlarını və prezident Patris Talonun vəzifədən kənarlaşdırıldığını elan ediblər. Çevriliş cəhdində iştirak edən qrupun səkkiz hərbi qulluqçudan ibarət olduğu bildirilir.
Hazırda polkovnik-leytenant Tiqri Paskal da daxil olmaqla saxlanılanların tam siyahısı və onların vəziyyəti barədə rəsmi təsdiqlənmiş məlumat açıqlanmayıb.
*** 13:25
Hərbçilər Benində prezident Patris Talonu devirərək hakimiyyəti ələ keçiriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “La Nouvell Tribune” xəbər portalı Benin Dövlət Yayım Korporasiyasında oxunan bəyanata istinadən məlumat yayıb.
Bildirilib ki, polkovnik-leytenant Tiqri Paskalın rəhbərlik etdiyi hərbi komitə ölkədə bütün hakimiyyəti nəzarətə götürüb.
“Ordu bütün dövlət orqanlarının buraxıldığını elan edib. Talonun harada olduğu bilinmir”, - portalın məlumatında deyilir.
Qeyd edək ki, dövlət çevrilişi Benində 2026-cı il aprelin 12-nə təyin edilmiş prezident seçkilərinə hazırlıq fonunda baş verib. Konstitusiya Məhkəməsi hazırkı hökumətin tərkibində olan iki namizədi təsdiqləyib. Müxalifət liderlərinə seçkilərə qatılmaq qadağan edilib. İki dəfə qalib olmuş Talon isə yenidən seçilmək hüququna malik deyil.
Tətbiqimizi yükləyə bilərsiniz