
“Tesla” CEO-su İlon Mask hər il bu modellərdən 1 milyon ədəd istehsal edərək, yaxın illərdə insanabənzər “Optimus” robotlarından ibarət bir ordu yaratmağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “Tesla” rəhbərləri ilə keçirilən konfransda qeyd edib.
“Biz bir milyon “Optimus” üçün istehsal xətti quracağıq. Ümid edirik ki, gələn ilin sonuna qədər istehsala başlayacağıq”, - deyə Mask bildirib.
O, yeni üçüncü nəsil “Optimus 3” robotunun prototipinin 2026-cı ilin birinci rübündə, fevral və ya mart ayında hazır olacağını qeyd edib.
Bununla belə, istehsalın ildə 1 milyon ədədə çatdırılması bir qədər vaxt aparacaq.
Maskın sözlərinə görə, əsas problem şirkətin tam istehsal zəncirinin olmamasıdır. Ona görə də, “Tesla” demək olar ki, bütün komponentlərin istehsalını özü həyata keçirməli olacaq.
Mask həmçinin, yaratdığı robot ordusu ilə bağlı qərarlara təsir etmək üçün kifayət qədər şirkət səhmlərinə sahib olmaq istədiyini bildirib.
Maskın sözlərinə görə, gələcəkdə “Optimus 4” robotlarından 10 milyon ədəd istehsal ediləcək. “Optimus 5” robotlarının istehsalı isə 50-100 milyon ədədə çatacaq.
“Tesla” CEO-nun sözlərinə görə, “Optimus” və özünü idarə edən avtomobillər yoxsulluğun olmadığı, hər kəsin yüksək keyfiyyətli tibbi xidmətdən faydalana biləcəyi dünya yaratmağa kömək edəcək. Onun fikrincə, “Optimus” hətta “böyük cərrah” da ola bilər.
Qeyd edək ki, Mask insanabənzər robotların istehsalı ideyasını 2021-ci ilin avqustunda təklif edib. 2024-cü ilin oktyabrında insanabənzər robot “Optimus” ictimaiyyətə təqdim edilib. Mask onun qiymətinin 20-30 min dollar arasında olacağını və hər kəsin bunu ödəyə biləcəyini qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz