Rodriqo Paz Boliviya prezidenti oldu


Boliviyada keçirilən prezident seçkilərinin ikinci turunda senator Rodriqo Paz qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Cənubi Amerika ölkəsinin Ali Seçki Məhkəməsinin dərc etdiyi rəqəmlərdə öz əksini tapıb.
Bu məlumatlara görə, səslərin 54,61%-ni mərkəzçi Xristian Demokrat Partiyasından Paz, 45,39%-ni isə sağçı Azadlıq və Demokratiya ittifaqından keçmiş prezident (2001-2002) Xorxe Kuiroqu yığıb.
Ali Seçki Məhkəməsinin sədri Oskar Essenteufelin mətbuat konfransında bildirdiyi kimi, səslərin sayılmasının nəticələri ilkin olsa da, ümumi mənzərədə nəticələrin dəyişməsi ehtimalı yoxdur.
Qeyd edək ki, 1989-1993-cü illərdə ölkəni idarə edən keçmiş Boliviya prezidenti Xayme Paz Zamoranın oğlu Paz vergi gəlirlərinin bölgələrə və bələdiyyələrə yenidən bölüşdürülməsi, eləcə də kiçik və orta biznesin dəstəklənməsi üçün əlverişli kredit proqramını həyata keçirmək və vergi güzəştləri verməklə iqtisadi mərkəzsizləşdirməni təklif edir. Bununla belə, siyasətçi proqramını həyata keçirmək üçün beynəlxalq maliyyə qurumlarından kreditlərin cəlb edilməsinin əleyhinədir. Paz hesab edir ki, Boliviyanın digər dünya ölkələri ilə təmaslarını aktivləşdirmək, ABŞ-la münasibətlərin bərpasına və regional əməkdaşlığın, o cümlədən Cənubi Amerikanın Ümumi Bazarı (Mercosur) çərçivəsində inkişafı prioritet təşkil edir.
Xatırladaq ki, seçilmiş prezident noyabrın 8-də vəzifəsinin icrasına başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top