
Tramp keçmiş konqresmen Santosun həbsdən azad edilməsi haqqında sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında məlumat verib.
“Mən indicə Corc Santosun cəzasının yüngülləşdirilməsi və həbsdən dərhal azad edilməsi haqqında sərəncam imzaladım”, - deyə o, sosial şəbəkə hesabında yazıb.
Yazıda Ağ Evin rəhbəri keçmiş konqresmenə “uğurlar” və “böyük həyat” arzulayıb.
Qeyd edək ki, 2023-cü ilin dekabrında ABŞ Konqresinin Nümayəndələr Palatası maliyyə cinayətləri və seçki yalanlarına görə Santosun Konqresdən çıxarılmasına səs verib. Onun kənarlaşdırılmasının lehinə 311, əleyhinə isə 114 palata üzvü səs verib.
2024-cü ilin aprelində ABŞ məhkəməsi keçmiş konqresmeni 23 federal ittiham üzrə təqsirli bildikdən sonra 87 ay həbs cəzasına məhkum edib.
Digər məsələlərlə yanaşı, o, tərəfdarlarının ianələrini mənimsədiyini, qeyri-qanuni işsizlik müavinəti aldığını və maliyyə sənədlərini gizlətdiyini etiraf edib.