
Tanınmış niderlandlı sabiq futbolçu və hazırkı baş məşqçi Patrik Kluyvert İndoneziya millisi ilə yollarını ayırıb.
Yeniavaz.com xəbər verir ki, İndoneziya Futbol Federasiyası rəsmi saytında Kluyvert və onun məşqçilər korpusu ilə yollarını ayırdığını açıqlayıb.
Federasiyanın məlumatına görə, onun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Bu qərar İndoneziya millisinin DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməməsindən sonra qəbul edilib.
Kluyvertin rəhbərlik etdiyi İndoneziya millisi Asiya zonasının dördüncü mərhələsinə qədər irəliləsə də, burada həm Səudiyyə Ərəbistanına (2:3), həm də İraqa (0:1) məğlub olub.
Qeyd edək ki, Kluyvert 2025-ci il yanvarın 8-də İndoneziya millisinin baş məşqçisi vəzifəsinə keçib. O, İndoneziya millisinə səkkiz matçda rəhbərlik edib və bu matçlarda dörd məğlubiyyət, üç qələbə və bir heç-heçə görüb.
Xatırladaq ki, 49 yaşlı Patrik Klyuvertin əvvəlki iş yeri Türkiyənin “Adana Dəmirspor” klubu olub. İndoneziya millisinə əvvəllər cənubi koreyalı mütəxəssis Şin Txe Yon rəhbərlik edib.