
Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç yığmanın dünya çempionatının seçmə mərhələsində Albaniya millisinə məğlubiyyətindən sonra istefa vermək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Oktyabrın 11-də serblər doğma meydanda albanlara uduzublar (0:1).
“Mən Serbiya Futbol Assosiasiyasının prezidenti və baş katibi ilə danışdım və istefa verdim. Şəxsən mən belə məğlubiyyəti gözləmirdim. Bütün məsuliyyəti öz üzərimə götürurəm”, - deyə Stoykoviç bildirib.
Qeyd edək ki, 60 yaşlı Stoykoviç 2021-ci ilin martından Serbiya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2022-ci il dünya çempionatı və 2024-cü il Avropa çempionatına vəsiqə qazanaraq, hər iki turnirdə qrup mərhələsində dördüncü yeri tutub.
Serbiya millisi DÇ-2026-nın seçmə qrup mərhələsinin K qrupunda 5 turdan 7 xalla üçüncü pillədə qərarlaşıb. Burada yalnız qrup qalibi Dünya Kubokuna birbaşa vəsiqə qazanacaq; ikinci yeri tutan komanda isə pley-offa yüksələcək.
Seçmə turnir başa çatana qədər serblərin üç oyunu var: oktyabrın 14-də səfərdə Moldova ilə, noyabrın 13-də səfərdə İngiltərə ilə, noyabrın 16-da isə evdə Latviya ilə.