Ağdamda yeni salınan kəndi su basdı – 2 nəfərin öldüyü tuneli tikən şirkətin səhvidir?


Xəbər verdiyimiz kimi, bu ilin iyul ayında rəsmi açılışı olan Ağdam rayonunun Xıdırlı kəndində yağış bir sıra fəsadlar törədib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video görüntülər yayılıb.
Qeyd edək ki, Ağdam rayonunun Xıdırlı kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemlərini “Körpü-Bina-Tikinti” MMC (VÖEN - 3100026151) həyata keçirib. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ilin dekabr ayında Xıdırlı kəndində kommunikasiyalar sistemlərinin qurulması üçün 29 milyon 983 min 233 manat 73 qəpiklik tender keçirib. Tenderin qalibi adı müxtəlif qalmaqallarda hallanan “Körpü-Bina-Tikinti” şirkəti olub. Bu şirkət 6 ay ərzində kəndin kommunikasiyalar sistemlərini, o cümlədən də kanalizasiya xətlərinin çəkiləməsi işlərini həyata keçirib.
Məlumat üçün bildirək ki, 30 milyon manatlıq tenderin qalibi olan “Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan “Körpü-Bina-Tikinti” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.
“Körpü-Bina-Tikinti” MMC əsasən dövlət qurumlarının keçirdiyi iri həcmli layihələrin icraçısı kimi tanınıb. Rəsmi sənədlərdə şirkətin qanuni təmsilçisinin Göyüşov Xaliq Avdil oğlu qeyd olunsa da, şirkətə tanınmış iş adamı Xəlil Göyüşovun rəhbərlik etdiyi bildirilir.
Şirkətin adı sonuncu dəfə ötən ilin oktyabr ayında Sabunçu rayonu ərazisində baş verən və 2 nəfərin ölümü ilə nəticələnən hadisədə hallanıb. Bildiyimiz kimi, 2024-cü ilin 22 oktyabr tarixində Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən tuneli su basdığı üşün 2 nəfər həyatını itirib. Daha sonra məlum olub ki, bu tunel 2019-cu ildə “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında “Körpü Bina Tikinti” MMC tərəfindən inşa edilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top