
Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, hamiləliyin patologiyası şöbəsinə qəbul edilən 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.
“Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır”, - məlumatda deyilir.
***10:06
Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” məlumat yayıb.
Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.
Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.
İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.