Moskva hava limanlarında sərnişinlərə döşəklər paylanır


Son günlər Ukraynanın pilotsuz uçan aparatlarının hücumu Moskva hava limanlarında ciddi fasilələrə səbəb olub.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, mülki aviasiya sahəsində yaranan gərginlik nəticəsində paytaxtın əsas hava qovşaqlarında – Şeremetyevo, Vnukovo və Domodedovo hava limanlarında yüzlərlə reys ləğv olunub və gecikmələr baş verib.
Şeremetyevo hava limanında reyslərin təxirə salınması və sərnişinlərin uzun müddət gözləməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Videolarda sərnişinlərin bəzilərinin terminalda yerə uzandığı, süni qazonlarda və dar keçidlərdə gecələdiyi görünür. Hava limanı rəhbərliyi mətbuata açıqlamasında sərnişinlər üçün şişmə döşəklər və idman matları təqdim edildiyini təsdiqləsə də, yayılan videoları “saxta” adlandıraraq bu görüntülərin təxribat məqsədi ilə paylaşılmasını iddia edib.
“Baza” resursunun məlumatına görə, uşaqlı ailələrə döşəklər ilk növbədə təqdim olunur. Hava limanının açıqlamasına görə, yalnız bazar ertəsi günü Şeremetyevo hava limanında 70-dən artıq reys təxirə salınıb.
Oxşar vəziyyət “Vnukovo” hava limanında da müşahidə olunub. Teleqram kanalında yayımlanan məlumatda sərnişinlərin rahatlığı üçün döşəklər və kilimlərin paylandığı bildirilib. Rəsmi məlumata görə, artıq uçuş və eniş cədvəlləri normallaşıb.
Domodedovo hava limanı isə iyulun 21-i axşam uçuşların cədvəlinin sabitləşdiyini açıqlayıb. Şeremetyevo hava limanı da iyulun 22-də gündüz saatlarında yaydığı açıqlamada hava limanının artıq məhdudiyyətsiz və normal rejimdə fəaliyyət göstərdiyini vurğulayıb.
RBK və “Vedomosti”nin hesablamalarına əsasən, iyulun 19-dan 21-dək Moskvada baş verən hava hadisələri və “Xalça” planının tətbiqi nəticəsində 1000-dən artıq reys ya ləğv edilib, ya da gecikib. Müdafiə Nazirliyi isə bildirib ki, iyulun 21-i axşamdan 22-si səhərə qədər Moskva vilayəti üzərində Ukraynaya məxsus beş pilotsuz uçan aparat hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top