Gürcüstanda 12 müxalif deputatın mandatı əlindən alındı


“Gürcüstan Naminə” müxalifət partiyasının deputatlarının deputatlıq səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Yeniavaz.com
yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə parlamentin Prosedur Məsələləri Komitəsi məlumat yayıb.
Məlumata görə, parlamentin bu gün, iyulun 2-də keçirilən iclasında keçmiş baş nazir Giorgi Qaxariya və onun 11 həmkarının deputatlıq səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edilib.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin sözlərinə görə, Qaxariya partiyasının üzvlərinin deputat səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə səbəb onların üzrlü səbəb olmadan parlamentin iclaslarına gəlməməsi olub. Belə ki, “Gürcüstan Naminə” partiyası digər müxalifət partiyalarından fərqli olaraq, seçki siyahısını geri götürməyib. Nəticədə, partiya siyahını geri götürmədiyi üçün onun 12 üzvü Gürcüstan parlamentinin üzvü olaraq qalıb.
Qeyd edək ki, “Gürcüstan Naminə” partiyası seçkilərdə qalib gələn və parlamentdə qalan sonuncu müxalifət partiyasıdır. Partiya seçkilərdən sonra Gürcüstan Mərkəzi Seçki Komissiyasında öz siyahısını ləğv etmədiyi üçün səlahiyyətlərinə xitam verilən deputatlar siyahıdakı növbəti deputatlarla əvəz olunacaq.
Xatırladaq ki, “Gürcüstan naminə” koalisiyası parlament seçkilərində 7,8% səs toplayıb və qanunverici orqanda 12 yer qazanıb. Partiya parlamentə daxil olsa da, ilk gündən boykot rejiminə keçdiyi üçün plenar iclaslarda iştirak etməyib.
Digər tərəfdən, 150 deputatdan ibarət parlamentdə 61 müxalifətçi deputatın deputat mandatı artıq dayandırılıb. Hazırda on birinci parlamentdə “Gürcü Arzusu” və “Xalq Gücü”ndən olan 89 deputat fəaliyyətini davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top