
Həyatda hər şey sevgi ilə başlayır. Ata və ya ana ailəsini sevsə, o ev isti bir yuvaya çevrilir. Şagird müəllimini və ya müəllim şagirdini sevsə, o elm ocağında uğur başlayır.
Təcrübə göstərir ki, həyatda uğur qazananlar da əsas etibarilə sevməyi bilənlərdir. İşini sevən hər kəs tutduğu vəzifədən asılı olmayaraq mütləq uğur qazanır.
Sevə bilmək əslində nurlu bir dünyanın açarı kimidir: sən o açarla zülmətin qapısını açırsan və sonra da aydınlığa qovuşursan.
Sevmək də cürbəcür olur: kimisi şərtlərlə sevir, bütün sevgilərinin əvvəlinə “əgər” qoyur, yəni “Mən səni sevərəm, əgər sən də məni sevsən” kimi... Bu sevgi alış-veriş kimidir: mən sənə sevgimi verirəm, sən də mənə sevgini verməlisən.
Sevginin başqa bir növü də şərtsiz sevməkdir. Belə olanda sən sevgilərinin əvvəlinə “əgər” qoymursan. “Mən səni sevərəm, əgər sən də məni sevsən” demirsən. Bu sevgidə alış-veriş də yoxdur. Əsl sevgi də elə budur.
Heyvanlar da, bitkilər də sevgiyə qarşı laqeyd deyillər. Çiçəklərin sevgini anladığı və xoş münasibəti öz inkişafında əks etdirdiyi artıq isbat edilmiş bir həqiqətdir.
Yapon alimləri isə isbat ediblər ki, su ilə qəzəblə danışanda onun molekullarının şəkli dəyişir, sərtləşir, xoş söz deyəndə isə çox gözəl şəkil alır, sanki çiçək açır. Bəlkə də, sevməyin ibtidasını, təməlini elə buradan öyrənməliyik.
Sevmək bəzən ibadətdir, bəzən şükürdür. Uca Yaradan sevgisi ilə bizə yardım edir, saysız-hesabsız nemətlər verir. Biz də bizi yaratdığı, hər cür nemətlərlə təmin etdiyi üçün Ona sevgimizlə qarşılıq veririk.
Dədə Yunus nə qədər də gözəl deyib: “Yaradılanı sevərəm, Yaradandan ötürü”… Bu bircə misrasında Dədə Yunus bizə sevginin mənbəyinin Uca Allah olduğunu göstərir. O, insanı sevərək yaradır, sevərək yaşadır, yaratdıqlarının da bir-birini sevməsini istəyir. Çünki sevməsəydi, yaratdıqlarının sevib-sevilməsini istəməsəydi, sevgini yaratmazdı…
Hər şeydə olduğu kimi, sevgidə də ölçü var. Sevmək ədalətdir, hər şeyi layiq olduğu yerə qoymaqdır, sahib olduğun hər nemətin haqqını verməkdir. Əgər bu dünyada görüb sevdiklərimizin o üzündəki ən böyük həqiqəti, yəni bütün sevdiklərimizi yaradan Allahı görmürüksə, ən böyük haqsızlıq içərisinə düşmüş oluruq. Əgər bir meyvə ağacını seviriksə, onun bizə meyvə verdiyi və gözəl göründüyü üçün sevirik. Amma o ağacı Yaradanı görməmək, sevməmək naşükürlük. Bu vəziyyət bir növ ona bənzəyir ki, sənə verilmiş oyuncağı sevəsən, amma oyuncaq verəni tanımayasan.
Hər kəsin kimi, nəyi və nə qədər sevməsi əslində özünə verdiyi qiymətdir. Dünyanı sevən nəsibini dünyadan, Allahı sevən də nəsibini Allahdan alır.
Sevmək insanlıq məziyyəti olduğu kimi, sevgiyə layiq olmaq da mənəvi yüksəklikdir. Bu ləyaqətə yüksələ bilmək isə həm sevginin mənbəyini bilmək, həm də Onun buyurduğu kimi yaşamaqla mümkündür.
Murad Məmmədov