
ABŞ Prezidenti Co Bayden və ailəsi son bir il ərzində xarici liderlərdən on minlərlə dollar hədiyyə alıb.
Yeniavaz.com “The Guadian” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dərc etdiyi hesabatda deyilir.
Nəşrin məlumatına görə, birinci xanım Cil Bayden Hindistanın Baş naziri Narendra Modidən 20 min dollarlıq 7,5 karatlıq brilyant hədiyyə alıb. Bu, 2023-cü ildə ABŞ Prezidentinin ailə üzvlərinə verilən ən bahalı hədiyyə olub. O, həmçinin Misir Prezidenti və birinci xanımından 4 510 dollarlıq bilərzik, broş və fotoalbom alıb.
Co Bayden özü isə bu yaxınlarda impiçment elan edilən Cənubi Koreya Prezidenti Yun Sok Yoldan 7100 dollarlıq xatirə fotoalbomunu, Monqolustanın Baş naziri Luvsannamsrayn Oyuun-Erdenedən 3495 dollarlıq monqol döyüşçülərinin heykəlini hədiyyə alıb.
Həmçinin, Amerika liderinə Bruney sultanından 3300 dollarlıq gümüş kasa, İsrail Prezidentindən 3160 dollarlıq gümüş sini və Ukrayna Prezidenti Volodimir Zelenskidən 2400 dollarlıq kollaj hədiyyə verilib.
Qeyd edək ki, ABŞ-də qanun dəyəri 480 dolları (təxminən 800 manatı) keçən bütün hədiyyələrin bəyannaməsini tələb edir.
Dövlət Departamentinin sənədinə əsasən, Hindistan Baş nazirinin hədiyyı etdiyi 20 min dollarlıq brilyant rəsmi istifadə üçün Ağ Evin Şərq Qanadında saxlanılıb. Digər hədiyyələr isə ABŞ Milli Arxivinə təhvil verilib.