Bu şəxslər yenidən vergi güzəşti əldə edəcəklər – Məcəllə dəyişir


Növbəti ildən illik dövriyyəsinin həcmi 45 000 manatadək olan bir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikro sahibkar olan fiziki şəxslərin əldə etdikləri gəlirlərinin 75 faizi hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) vergidən azad edilir.
Yeniavaz.com
“mks.az”a istinadən xəbər verir ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə diqqət çəkən məqamlardan biri bəzi fəaliyyyətlər üzrə mikro sahibkarlıq subyektlərinin 75 faiz güzəştdən yararlanması üçün orta aylıq muzdlu işçi sayının 3 nəfərdən az olmaması tələbinin ləğv edilməsidir.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, aşağıdakı fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili ərzində əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45 000 manatadək olan fiziki və hüquqi şəxslərin həmin fəaliyyətdən əldə etdiyi gəlilərinin 75 faizi qədər güzəşt tətbiq edilməsi gözlənilir:
Proqram təminatının işlənməsi sahəsində xidmətlər;
Layihə-dizayn və dekorasiya xidmətləri;
Tərcümə xidməti;
Reklam xidməti;
Araşdırma və tədqiqat sahəsində fəaliyyət;
Elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
Hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
Jurnalistlərin fəaliyyəti;
Bazar konyukturunun öyrənilməsi;
Qiymətləndirilmə fəaliyyəti;
Avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti;
Turizm bələdçiliyi;
Xidmətlərin ixracı.


Vergi Məcəlləsinə təklif olunan dəyişiklik təsdiq olunarsa, bəzi işəgötürənlərin əmək münasibətində olduğu müəyyən işçilərlə xidmət müqaviləsinə keçməsi ehtimalı yüksəkdir. Lakin dəyişikliklərdə 75 faizlik güzəştdən sui-istifadə etmək istəyən işəgötürənlər üçün fərqli yanaşma nəzərdə tutulub. Təklif edilən dəyişikliyə əsasən, yuxarıda qeyd etdiyimiz fəaliyyət sahələrində muzdlu işçi kimi çalışan işçinin əmək müqaviləsinə xitam verildiyi, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən 1 il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan güzəşt şamil edilmir.
Məsələn, işəgötürən proqram təminatının işlənməsi sahəsində əmək münasibətində olduğu işçinin əmək müqaviləsinə 2025-ci ilin yanvar ayında xitam verir. İşəgötürənin əmək müqaviləsinə xitam verdiyi işçi fərdi sahibkar kimi 2025-ci ilin sonrakı dövrlərində 20 000 manatlıq xidmət müqaviləsi bağlayıb. Vergi Məcəlləsində qeyd olunan dəyişiklik təsdiq olunarsa, fərdi sahibkar həmin 20 000 manatlıq xidmət müqaviləsinə görə hesablanan gəlir vergisi üzrə 75 faizlik güzəştdən istifadə edə bilməyəcək. Cünki fərdi sahibkar həmin vergi ödəyicisi ilə öncəki 1 il ərzində əmək münasibətlərində olub. Beləliklə, 20 000 manatlıq xidmət müqaviləsinə münasibətdə 5 faiz (75 faiz güzəşt nəzərə alınmaqla) yox, 20 faiz məbləğində gəlir vergisi hesablanacaq.
Xatırladaq ki, 2024-cü ilin yanvar ayının 1-nə kimi Azərbaycanda fəaliyyət göstərən bütün mikro sahibkarlıq subyektələri gəlirlərinin 5 faiz həcmində vergi ödəyirdilər. Ötən il Vergi Məcəlləsinə edilən dəyişiklikdən sonra bu ilin yanvarın 1-dən etibarən 3-dən az işçisi olan mikro sahibkarlıq subyektələri 5 faiz deyil, 20 faiz vergi ödəyirdilər. Təklif edilən yeni dəyişiklik qəbul olunarsa, yuxarıda qeyd olunan xidmət sahələrində fəaliyyət göstərən mikro sahibkarlar yenidən 5% həcmində (75 faiz güzəşt) vergi ödəyəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top