
Şimali Koreya ballistik raket buraxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, buraxılış Yapon dənizi istiqamətində həyata keçirilib.
“Kyodo” agentliyi xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi də KXDR tərəfindən ballistik raketin buraxılması barədə məlumat yayıb.
Daha sonra Yaponiya Nazirlər Kabineti raketin dənizə düşməsi və Yaponiyanın hava məkanı üçün təhlükə yaratmaması barədə məlumat verib.
Yaponiya Sahil Mühafizəsi raketin Okuşiri adasından təxminən 300 km qərbdə, ölkənin müstəsna iqtisadi zonasından kənar əraziyə düşdüyünü bildirib.
Yaponiya hökuməti həmçinin təhlükəsizlik şurasının təcili iclasını təşkil edib və dənizdəki gəmilərin ekipajlarına raketin düşdüyü əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq edib.
Şimali Koreya hökuməti də qitələrarası ballistik raketin buraxıldığını təsdiqləyib. Belə ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Məlumata görə, Şimali Koreya ölkə lideri Kim Çen Inın göstərişi ilə qitələrarası ballistik raketi buraxaraq, çox vacib sınaq həyata keçirib. Xalq Respublikası rəhbərinin sözlərinə görə, raket sınaqları strateji hücum qüvvələrinin gücləndirilməsi çərçivəsində baş tutub. Buraxılış yerli vaxtla saat 07:10-da Pxenyan ərazisindən Yapon dənizinə doğru həyata keçirilib.
Digər tərəfdən, KXDR tərəfindən buraxılan raketin uçuş vaxtı və hündürlüyü bütün sınaq müddəti üçün maksimum olub. Yaponiya müdafiə naziri Gen Nakatani bildirib ki, raket 86 dəqiqə uçuşda olub və uçuş hündürlüyü 7 min km-i keçib.
Qeyd edək ki, bu, son bir ildə Şimali Koreyanın 12-ci raket buraxılışıdır. Pxenyan sonuncu dəfə ballistik raketi 2023-cü ilin dekabrında sınaqdan keçirib. Bu “Hwasong-18” raketi olub.