İranın İsrailə hücumunun nəticələri haqqında nə məlumdur?


Xəbər verdiyimiz kimi, ötən gecə İran ordusu İsrail ərazilərini raket atəşinə tutub. Sosial şəbəkələrdə İsrailin müxtəlif bölgələrinə raket düşməsini əks etdirən onlarla görüntü yayılıb.
Yeniavaz.com
xəbər verir ki, İsrail ordusunun rəsmiləri hücumun başa çatdığını və hələlik İrandan gözlənilən başqa təhlükənin olmadığını bildirirlər.
Lakin hücumun nəticələri ilə bağlı təfərrüatlar, raket zərbələrinin verdiyi zərərin miqyası bəlli deyil.

Hücumla bağlı indiyə qədər nələr məlumdur?
İsrail ordusu İranın 180-ə yaxın raket atdığını açıqlayıb. İranın aprel ayında həyata keçirdiyi oxşar hücumda İsrail ərazilərinə 110 ballistik, 30 idarə olunan raket atılmış, lakin bunların əksəriyyəti HHM sistemləri tərəfindən havada zərərsizləşdirilmişdi.
Hərbi rəsmilər ötən gün – oktyabrın 1-də baş verən hücumda bəzi hədəflərin vurulduğunu təsdiqləyiblər. İsrail ordusunun sözçüsü bildirib ki, ölkənin mərkəzi hissələrində və cənubunda bir neçə dəqiq zərbə qeydə alınıb.
İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iddia edib ki, ilk dəfə səsdən sürətli raketlər buraxılıb və 90%-i hədəfə çatıb. SEPAH mənbələri rəsmi mediaya verdikləri açıqlamada hücumda üç İsrail hərbi bazasının hədəf alındığını bildiriblər.
Bununla belə, İsrail Ordusu İranın atdığı xeyli sayda raketin zərərsizləşdirildiyini açıqlayıb. Təl-Əviv səmasında baş verən bəzi partlayışlar da hava hücumundan müdafiə sistemlərinin bəzi raketləri vurduğunu göstərir, lakin ekspertlər bunun əksəriyyət olduğuna inanmır.
İsrailin təcili tibbi yardım xidmətləri hələlik ciddi xəsarətlər barədə məlumat almadıqlarını, iki nəfərin qəlpələrdən yüngül xəsarət aldığını bildiriblər. İsrail Ordusu da oxşar bəyanatlarla çıxış edib. Ölkə rəsmiləri hadisə nəticəsində can itkisinin olmadığını deyirlər.

DİGƏR XƏBƏRLƏR

Top