
Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü Təhlükəsizlik Şurasının iclasında nüvə doktrinasına dəyişikliklər təklif edib.
Yeniavaz.com xəbər verir ki, o, Moskvanın özünü nüvə silahından istifadə etmək hüququna malik hesab edəcəyi hərbi təhdidlərin siyahısını genişləndirməyi zəruri hesab etdiyini bildirib.
Doktrinanın yeni variantı Rusiyaya təkcə nüvə silahı ilə deyil, həm də adi silahlarla kütləvi hücum zamanı nüvə silahından istifadəni nəzərdə tutur.
Putin xəbərdarlıq edib ki, Rusiyaya qarşı aerokosmik hücum silahlarının buraxılması ilə bağlı etibarlı məlumat nüvə reaksiyasına səbəb olacaq.
Putin həmçinin raketlərin və PUA-ların kütləvi şəkildə buraxılması ilə bağlı etibarlı məlumatların da nüvə reaksiyasına səbəb olacağını istisna etməyib.
Onun sözlərinə görə, Rusiya Belarusa təcavüz olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır.
Bundan əlavə, nüvə silahına malik olmayan dövlətin Rusiyaya qarşı təcavüzü nüvə silahına malik olan dövlətin dəstəyi və ya iştirakı ilə baş verərsə, bu, onların Rusiyaya qarşı birgə hücumu kimi qiymətləndiriləcək.
Putin nüvə doktrinasına tabe olan dövlətlərin və hərbi ittifaqların siyahısının da genişləndirilməsini təklif edib.
Ancaq o, bu siyahıya hansı dövlətlərin daxil olacağını açıqlamayıb.