
Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevə JF-17C (Block-III) təyyarələri təqdim olunub.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan JF-17C (Block-III) təyyarələrinin satın alınması ilə bağlı müqaviləni bu ilin fevral ayında imzalayıb.
Qeyd edək ki, həmin dövrdə açıqlanan məlumatlarda Azərbaycan və Pakistan arasında imzalanan müqavilənin dəyərinin 1,6 milyard dollar olduğu bildirilib.
Məlumat üçün bildirək ki, JF-17C (Block-III) dəbilqədə quraşdırılmış ekran və görünüş sistemi (HMD/S), daha inkişaf etmiş avionika, AESA radar, yeni mühərrik, iki oturacaqlı pilot kabinəsi kimi bir çox yeni funksiyalara malikdir. Pakistan HHQ rəsmiləri bu təyyarəni “4+ nəsil” təyyarə adlandırıb.
Bildirilir ki, JF-17C (Block-III) 3 ton yüklə 100 km məsafədə hədəfləri məhv etmək qabiliyyətindədir. JF-17 qırıcısı əsasən hava məkanını qorumaq və səmada üstünlüyü əldə saxlamaq üçün yaradılıb. JF-17 ailəsinin ən üstün cəhəti isə universal MIL-STD-1670 silah idarəetmə sisteminə malik olmasıdır. Qırıcı həm NATO, həm Rusiya, həm də Çin istehsalı olan sursatların istifadəsinə imkan verir. Təyyarənin silahlanmasına 70–100 km mənzilə malik idarəolunan raketlər, infraqırmızı başlıqlı yaxın mənzilli raketlər, hava-yer tipli raketlər, hava-hava tipli raketlər, radiolokasiya sistemlərinə qarşı raketlər, lazerlə idarə olunan raketlər, proqramlaşdırılan kaset bombaları, nüfuzedici bombalar, ümumi məqsədli bombalar, təlim bombaları daxil ola bilər.
“Block-III” konfiqurasiyasının mühüm xüsusiyyəti onda “Active Electronically Scaned Array” (AESA) radar sisteminin quraşdırılmasıdır. Bu isə onu rəqibin hava hücumundan müdafiə sistemləri üçün praktiki olaraq əlçatmaz edir. AESA radarına əlavə olaraq, təyyarənin bu versiyası dəbilqədə quraşdırılan displey və nişangahla (MHD/S) təchiz edilib, bu isə təyyarənin idarəetməsi və hava döyüşünün aparılmasını xeyli asanlaşdırır. Təyyarənin quyruğunda yerləşdirilən REM kompleksi sayəsində düşmən radarlarının təyyarəni gürüntüləməsinə maneələr törədir, eyni zamanda yaxınlaşan raketlərin istiqamətini və mümkün zərbə zamanını hesablayaraq pilotu xəbərdar edir. Pilot raketi dəbilqədəki displeydən izləyir və mümkün əks tədbirləri (tələlər, saxta fişənglərin buraxılması, mühərrikin söndürülməsi və ya manevr edərək yayınma) həyata keçirir.
Murad Məmmədov