
Ötən ilin oktyabr ayından bəri Livanın “Hizbullah” hərəkatının 600-dən çox döyüşçüsü öldürülüb.
Yeniavaz.com “Ynet” portalına istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) Baş Qərargahının rəisi Herzi Halevi bildirib.
Onun sözlərinə görə, hərəkatın öldürülən onlarla döyüşçüsü “Hizbullah”ın hərbi elitasına mənsub olub.
Halevi “Hizbullah”ın hücumlarının əvəzini ağır ödədiyini və İsrailin hücumlarının daha da güclənəcəyini bildirib.
O əlavə edib ki, IDF növbəti addımlara yaxşı hazırlaşıb və onları əvvəlcədən planlaşdırıb.
Digər tərəfdən, “The Economist” jurnalı hərbi mənbələrə istinadla yazıb ki, İsrail iki dövlət arasında sərhədin şimalında bufer zona yaratmaq üçün Livanda quru əməliyyatı hazırlayır.
Jurnalın qeyd etdiyinə görə, IDF-nin ikinci diviziyası təxminən bir ay əvvəl şimala yerləşdirilib və döyüş bölmələri ərazidəki bazalarda təlim keçir.
Bununla belə, nəşrə görə, İsrailin ən yüksək hərbi və siyasi eşelonlarında birlik yoxdur. Bəziləri “Hizbullah”dakı mövcud xaosdan istifadə edərək, sürətli eskalasiyanın, bəziləri isə hərəkatı geri çəkilməyə məcbur etmək üçün ehtiyatlı yanaşmanın tərəfdarıdır.
Qeyd edək ki, sentyabrın 17-də minlərlə “Hizbullah” üzvünün şəxsi peycerləri partlayıb. Ertəsi gün Livanda digər cihazların, o cümlədən radiostansiyaların və məişət texnikalarının kütləvi partlayışları başlayıb. Nəticədə, 4 mindən çox insan xəsarət alıb.
ABC telekanalı isə mənbələrə istinadla İsrailin Livanda peycerlərin partladılması ilə bağlı əməliyyatı 15 il ərzində planlaşdırdığını bildirib.
Xatırladaq ki, bundan əvvəl “Hizbullah” İsraillə qarşıdurmanın yeni mərhələsini elan etmişdi.