“Hizbullah” Beyruta zərbələr zamanı hərəkatın 16 üzvünün öldüyünü təsdiqlədi


“Hizbullah” İsrail ordusunun sentyabrın 20-də Beyruta endirdiyi zərbə nəticəsində 16 komandirinin öldüyünü təsdiqləyib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, onların arasında “Radvan” xüsusi təyinatlı dəstəsinin yüksək rütbəli komandiri İbrahim Akil də var.
Elit “Radvan” dəstəsinin komandiri İbrahim Akilin öldüyü barədə bir gün əvvəl İsrail Müdafiə Qüvvələri (İDF) də məlumat yayıb. İDF onunla yanaşı, “HƏMAS”ın oktyabrın 7-də İsrailin cənubunda etdiklərini İsrailin şimalında etməyi planlaşdıran digər yüksək səviyyəli komandirlərin də öldürüldüyünü bildirib.
Hücum zamanı öldürülən “Hizbullah”ın digər yüksək rütbəli komandiri Əhməd Mahmud Vəhbi olub. Vəhbi 2024-cü ilin əvvəlinə qədər “Radvan” xüsusi bölməsinin hərbi əməliyyatlarına nəzarət edib.
Qeyd edək ki, sentyabrın 20-də İsrail Müdafiə Qüvvələri Livanın paytaxtı Beyruta hədəfli zərbə endirib. Bildirilib ki, onların hədəfi “Hizbullah” hərbi komandanlığı olub. Livanın səhiyyə nazirinin sözlərinə görə, Beyruta endirilən zərbələr nəticəsində uşaqlar da daxil olmaqla 31 nəfər ölüb, daha 68 nəfər yaralanıb.
İbrahim Akil “Hizbullah” lideri Həsən Nəsrullahın müavini olub. Birləşmiş Ştatlar Akili terrorçular siyahısına daxil edib və 2023-cü ildə onun harada olduğu barədə məlumat verənə 7 milyon dollara qədər mükafat təklif edib.

DİGƏR XƏBƏRLƏR

Top