
Amerikalı milyarder İlon Maskın şəxsi təhlükəsizliyi ona hər il milyonlarla dollara başa gəlir.
Yeniavaz.com xəbər verir ki, bu barədə cümə günü “New York Times” qəzeti “Tesla”nın daxili sənədlərinə istinadla məlumat yayıb.
Bu sənədlərə görə, Mask mütəmadi olaraq ölüm hədələri ilə üzləşir. Bəziləri hətta biznesmeni təqib edir. Bu isə onu onsuz da nəhəng olan təhlükəsizlik qüvvələrini ABŞ Gizli Xidmətinin daha kiçik ekvivalentinə qədər genişləndirməyə məcbur edir.
Davam edən hədələrlə əlaqədar Mask daha təcrid olunmuş həyat tərzi sürməyə başlayıb. Sahibkar nadir hallarda cangüdənsiz hərəkət edir. Hətta özünün “X” şirkətinin tualetinə gedəndə belə onu cangüdənlər müşayiət edir.
Əvvəllər Maskı yalnız iki mühafizəçi müşayiət edirdisə, indi o, 20 təhlükəsizlik mütəxəssisi ilə hərəkət edir. Onlar bir qayda olaraq silahlı olurlar. Maskın girməli olduğu binaları yoxlayır və giriş-çıxış yollarını öyrənirlər.
Qəzetə müsahibə verən təhlükəsizlik ekspertlərinin fikrincə, milyarder biznesmen kimi yox, dövlət başçısı kimi qorunur.
Qeyd edək ki, keçən il “The Sun” qəzeti İlon Maskın atası Errol Maskın Cənubi Afrikadakı evində mühafizəni gücləndirdiyini və qaçırılmaq təhlükəsi ilə 100-ə yaxın cangüdəni işə götürdüyünü bildirmişdi. Qəzet evin yüksək texnologiyalı videomüşahidə sistemi və elektrikləşdirilmiş hasarlarla təchiz olunduğunu qeyd etmişdi.