
Vaşinqton administrasiyası İranın “Iran Air” aviaşirkətini Rusiyaya qarşı sanksiyalar siyahısına əlavə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yazılı bəyanatında bildirilib.
Sənəddə qeyd olunur ki, şirkətə qarşı yeni məhdudiyyətlər Rusiya iqtisadiyyatının nəqliyyat sektoru ilə bağlı tətbiq edilib.
Digər tərəfdən, bu sanksiyalar silah və avadanlıqların, o cümlədən ehtiyat hissələrinin daşınmasında birbaşa və ya dolayı yardımla bağlıdır.
Bəyanatda həmçinin ABŞ Maliyyə Nazirliyi bir sıra digər İran fiziki və hüquqi şəxslərinə qarşı məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, xüsusən də İrandan Rusiyaya pilotsuz təyyarələrin və raketlərin ötürülməsi ilə bağlı yeni sanksiyalar tətbiq edilib.
Digər tərəfdən, ABŞ dövlət katibi Antoni Blinken Londonda Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə birgə mətbuat konfransında Vaşinqtonun Rusiya ilə hərbi-texniki əməkdaşlığına görə İrana qarşı sanksiyalar rejimini sərtləşdirəcəyini bildirib.
Qeyd edək ki, sanksiya siyahısına daxil edilmək vizaların verilməməsi, ABŞ-dəki aktivlərin dondurulması, Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsi deməkdir.
Xatırladaq ki, ABŞ bundan əvvəl də “Iran Air”ə qarşı sanksiyalar tətbiq edib.