
ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris seçki yarışında əsas rəqibi Respublikaçılar Partiyasından namizəd Donald Trampla debatda üstün olub.
Yeniavaz.com xəbər verir ki, CNN-in sorğusunun nəticələrinə görə, tamaşacıların 44%-i Harrisin onların problemlərini daha yaxşı başa düşdüyünə inandığını bildirib.
Telekanalın məlumatına görə, Tramp isə tamaşacıların 40%-nin dəstəyini qazanmaqla kifayətlənib. Telekanalın qeyd eydiyinə görə, bu göstərici dinamikanın Harrisin xeyrinə dəyişdiyini göstərir.
Debatdan əvvəl keçirilən analoji sorğunun nəticələrinə görə, seçicilərin 43%-i Trampın, 39%-i Harrisin tərəfində olub. Eyni zamanda debatdan sonra debatı izləyənlərin əksəriyyəti iqtisadi məsələlərdə Trampa üstünlük verib. Bu baxımdan respublikaçının fikirlərini sorğu iştirakçılarının 55%-i dəstəkləyib, Harrisin bu sahədəki siyasəti isə cəmi 35% dəstək ala bilib.
Eyni zamanda respondentlərin 82%-i son debatdan sonra seçimini bu və ya digər namizədin xeyrinə dəyişməyəcəklərini bildiriblər.
Daha 14% tamaşaçı etiraf edib ki, debat onları öz fikirlərini yenidən nəzərdən keçirməyə vadar edib, lakin sonda onların seçki yarışında iki rəqibdən birinə dəstək vermələrinə əsaslı təsir göstərməyib. Öz növbəsində sorğu iştirakçılarının 4%-i debatdan sonra başqa namizədə səs verəcəklərini bildiriblər.
CNN sorğusu mətn mesajı vasitəsilə aparılıb. Qeydiyyata alınmış seçicilər arasından 605 debat tamaşaçısı iştirak edib. Statistik səhv 5,3 faiz bəndi təşkil edib.
Qeyd edək ki. ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.