
Ümid son nəfəsə qədər var. “Ümidsiz olan tək şeytandır” deyirlər, amma o da ümid edir ki, son məqamda tövbə etsə, Allah (c.c.) onu bağışlayar.
İnsan heç vaxt ümidini itirməməlidir. Allaha iman etmiş insanın ümidsiz olması ağla sığan bir şey deyil. Ümid - iman ağacından boy verən pöhrə kimidir.
Söhbətimizin əvvəlində Yunus peyğəmbərin başına gələnləri xatırlayaq. Yunus peyğəmbər öz qövmünün Allaha iman edəcəyindən ümidini kəsir və ona verilmiş vaxt hələ tamam olmamış yurdunu tərk edir. Və bu erkən addım qarşısında Allah (c.c.) onu daha ağır bir imtahana tabe tutur. Qissədə bildirildiyi kimi, onu dənizə atırlar və böyük bir balıq Allahın əmri ilə onu udur. Yunus peyğəmbər üç zülmət içindədir: Gecə zülmət, dənizin dibi zülmət, balığın qarnı zülmət.
Zahirən bütün səbəblər tükənmiş, həyat üçün iynənin ucu qədər də olsa, ümid yeri qalmamışdı. Həqiqətdə isə heç nə göründüyü kimi deyildi. Üçqat deyil, onqat zülmət içində belə olsaydı, Yunus peyğəmbər yenə ümidini kəsməzdi. Çünki mömin idi, Allaha bağlı idi. İmanı olanın isə ümidi tükənməz. O üç zülmət içində Hz. Yunusun (ə.s.) elə bir ümidi var idi ki, bütün məxluqat o ümidin əsəri idi.
Yunus peyğəmbərin ümidi Allah idi və o üç zülmət içində əllərini açıb Allaha üz tutdu. Bu yerdə Sevimli Peyğəmbərimizin (s.ə.s.) dostu Əbu Bəkrlə mağarada gizlənərkən Allahın (c.c.) onları bir hörümçək toru ilə qoruması yada düşür. İnsan düşündükcə heyrətə gəlir. Öz işini mükəmməl şəkildə icra edən müşrik sanki bir hörümçək toru ilə oyuna gəlir. Eləcə də, balığın qarnında Yunus peyğəmbərin Allaha üz tutması ilə sanki həyat qapıları taybatay açılır.
Sən ümidli ol, bütün səmimiyyətinlə inan, əzmli ol, mütləq bir yerdən bir qapı açılar. Burada İbrahim Həqqinin bu mövzuda dediyi məlhəm kimi sözlər yada düşür:
“Naçar qalacaq yerdə,
Nagah açılar pərdə,
Dərman edər ol dərdə,
Mövla görəlim neylər,
Neylərsə gözəl eylər”...
İnsanın ümidi imanı qədərdir. Sən nə olur-olsun dürüst ol, xətadan, günahdan uzaq dur, boynuna düşəni yerinə yetir, nəticə nə olsa, yenə xeyirdəsən.
İnsan zəfərlə deyil, səfərlə mükəlləfdir. Təvəkkül dediyin də elə budur. Kərbəla çölündə təkcə öz canını deyil, övladlarının başını da haqq yolunda fəda etmiş İmam Hüseynə (Allah ondan razı olsun!) məğlub demək kimin həddinə? Burada yenə Sevimli Peyğəmbərimizin bir hədisi yada düşür: “Möminin hər halı gözəldir”.
Niyə də olmasın? Onun hər işi xeyirdir və bu da yalnız möminə xas xüsusiyyətdir. O, gözəl hadisələrlə qarşılaşanda şükür edir ki, bu onun üçün xeyirdir; başına bir müsibət gələndə isə səbir edir ki, bu da yenə onun üçün xeyirdir.
Ümid, əzm və qətiyyət imanla dolu bir qəlbə girəndə bəşəri normalar aşılayır. Bu səviyyədə könül dünyasına sahib ola bilməyənlər isə bunu qeyri-adi qarşılayır. Əgər insan nəyə inanacağını düzgün seçirsə, artıq onun mənəviyyatında ümidsizlik və bədbinlikdən söhbət gedə bilməz.
Ümid insanın öz ruhunu kəşf etməsi və ondakı iqtidarı sezməsidir. Bu sezişlə insan Sonsuz Qüdrət Sahibi ilə ünsiyyət qurur və bununla hər şeyə qadir güc və qüvvət əldə edir. Bunun sayəsində zərrə günəşə, damla dəryaya, parça bütövə və ruh kainatın bir nəfəsinə dönür.
Ümidsizlik uca amallara çatmağa ən böyük maneədir. Ümidin qarşılığı ümidsizlik, yəni məyusluqdur. Ancaq sənin qarşında hədəflərin, görəcəyin böyük işlərin var. Axtarmalı, düşünməli, ən doğru variantı seçməli və o istiqamətdə əzmlə çalışmalısan. Əlini-qolunu sallayıb dayanmaq insana yaraşmaz. Bu mövzuda yenə Mehmet Akif Ərsoydan bir nümunə gətirək:
“Ey dipdiri meyyit, iki əl bir baş üçündür,
Davransana, əllər də sənin, baş da sənindir”...
Ümidsiz insan meyit, ümidsiz cəmiyyət isə xəstədir. Bir çox ayə və hədislərdə də bildirildiyi kimi möminlər gələcəyin gözəl olacağına inanırlar. Qarşılaşılan çətinliklər, yaşanılan bəla və ya müsibətlər işıqlı gələcəyə gedən yoldakı müvəqqəti fırtınaya bənzəyir.
Peyğəmbərlər tarixinə diqqət yetirəndə bir həqiqətə şahid olursan ki, insanlar arasında ən böyük müsibəti peyğəmbərlər yaşayıblar. Allaha olan iman və onların paralelindəki ümid onlar üçün güc mənbəyi olub. Onların həyatı, əslində, bizim üçün məktəbdir. Biz onlara nağıl, hekayə kimi baxmamalıyıq, gözlə görürmüş kimi yanaşmalıyıq. Bir mömin kimi buna qəti şəkildə inanmalıyıq ki, sağlam iman və ümidlə yolumuza davam etsək və üzərimizə düşəni yerinə yetirsək, Allah da bizə yardım edər. Necə ki, Allah (c.c.) Quranda belə buyurur: “Acizlik göstərməyin və məyus olmayın. Möminsinizsə, üstün olacaqsınız” (3/139).
Ayədə də bildirildiyi kimi mömin olmaq və inanmaq üstünlükdür. Belə bir üstünlüyə sahib insanlar əzm və qətiyyətlərini davam etdirsələr, daha üstün olarlar. Əslində, bu ayə hər kəsə özünü, öz kimliyini test etmək üçün lazım olan hər şeyi verir. Hər kəs hansısa bir hadisə qarşısında öz içinə boylanaraq orada nələr baş verdiyinə diqqət edə və özünü tanıya bilər.
Rəsulullah (s.ə.s.) Sevr mağarasına sığınanda dostu Həzrəti Əbu Bəkrə: “Qəm yemə, Allah bizimlədir”, demişdi. Bu nöqteyi-nəzərdən Allah bizimlə bərabər olandan sonra məyusluğa ehtiyac yoxdur. Əsas məsələ hər əməlimizdə və düşüncəmizdə Allahın istədiyi kimi olmağa çalışmaqdır. Əgər bu olsa, Allah da möminləri yalnız buraxmaz, inayət və kərəmini onlardan əsirgəməz. Sən doğrusansa və Allahın səninlə birlikdə olduğuna əminsənsə, demək dünyadan da güclüsən və aqibət nə olur-olsun, sənə zaval yoxdur.
Bu mövzuda söhbət edərkən bir məqamı da unutmaq olmaz ki, bəndə Allahı (c.c.) Quran işığında tanımalıdır. Allahı bu şəkildə tanıyan bir bəndə Onun nə qədər qüdrətli, nə qədər ədalətli, nə qədər mərhəmətli olduğunu bilir. Özünü belə bir Allaha bağlayan bəndə hər hansı dünya hadisəsi qarşısında ümidsiz olmaq bir tərəfə dursun, dünyanın özündən belə daha güclü olur. Çünkü o, gücünü bağlandığı o sonsuz mənbədən alır.
Ümid hər kəsin ruhunda, varlığında olmalıdır. İnsanın fəlakəti onda başlayır ki, Allahın mərhəmətindən ümidini kəsir. Halbuki, bizə buyurulur ki, günahlarımız yerlə göy arası qədər də olsa, yenə Allahın (c.c.) mərhəmətindən ümidimizi kəsməyək. Haqqa təslim olaq və bu yolun bizi qaranlıqdan işığa çıxaracağına inanaq.
Murad Məmmədov